Əsas Səhifə > Güney Press > Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar!

Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar!


Bu gün, 17:15
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar!
Avropa Parlamenti Azərbaycana qarşı yeni qətnamə qəbul edib. Həmin qətnamədə Azərbaycanda guya insan hüquqlarının kobud şəkildə pozulması pislənilib. Sənəddə fəallara, jurnalistlərə və müxalifət liderlərinə qarşı repressiyalardan danışılır. Deputatlar bildiriblər ki, bu sui-istifadə halları COP29-un Bakıda keçirilməsilə bir araya sığmır. Avropa Parlamentinin üzvləri Avropa İttifaqını Bakıdan qaz asılılığına son qoymağa çağırıblar.

Bakı niyə konkret addımlar atmır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Avropa Parlamentinin (AP) ölkəmizə qarşı qəbul etdiyi qətnamə böhtan xarakterlidir:

“Demokratiya və insan hüquqlarının manipulyasiyasıdır. Bu qətnamə Avropa dəyərlərinə ziddir. Nəticə etibarilə Avropa İttifaqı özünü demokratik, hüquqi dəyərlərə sahib çıxan bir təşkilat kimi göstərir. O zaman bu amil Azərbaycan üçün də keçərli olmalıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bu da Avropa dəyərlərinə uyğundur. Bəs, onda AP Azərbaycanın bu addımını niyə görməzdən gəlir? Avropa Parlamentində təmsil olunan deputatlardan hansınınsa vətəndaşı olduğu ölkənin ərazisi işğal olunub, xalqına qarşı cinayətlər törədildiyi zaman da belə mövqe nümayiş etdirilərdimi?

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, suverenliyini təmin etməsi, beynəlxalq hüququ bərpa etməsini 4 ildir ki, Avropa qəbul edə bilmir. Görünür, burada ikiüzlülük, xristian təəssübkeşliyi, islamafobiya var”.

Deputatın sözlərinə görə, Bakı öz qazını zorla satmır, Avropanın Azərbaycan qazına ehtiyacı var:

“Azərbaycanın bir neçə il bundan əvvələ qədər Avropaya qaz satması əməkdaşlıq kimi qiymətləndirilirdi. Ölkəmizin ərazi bütövlüyünün bərpa etməsinin ardınca bu münasibət birdən-birə dəyişdi. Avropa Parlamentinin qəbul etdiyi qətnamə özünüifşadır. Burada nə qaz, nə də əməkdaşlıq məsələsi var. Sözügedən qətnamənin Azərbaycana heç bir mənfi təsiri olmayacaq”.

Siyasi şərhçi Əli Mustafayev isə məsələyə belə münasibət bildirib:

“Avropa İttifaqının qətnaməsini iki hissəyə bölüb dəyərləndirmək olar:

Birincisi, Azərbaycanın daxili vəziyyəti ilə bağlı, demokratiya, insan haqları siyasi məhbuslar və s. haqqında;

İkincisi, Azərbaycan-Ermənistan münaqişəsinə münasibət.

İkinci məsələdə Avropa İttifaqının ikili standartlardan çıxış etdiyini açıq şəkildə görürük. Ermənilərə mənəvi və psixoloji baxımdan ciddi dəstək verilir. Azərbaycan ordusunun Ermənistan ərazilərindən çıxarılması tələb olunur, Qarabağla, hərbi əsirlərlə bağlı məsələlər gündəmə gəlir. Bu sadalananlar Avropa İttifaqının səlahiyyətlərinə aid deyil. Avropa İttifaqı prosesə münasibət bildirməyi, müdaxilə etməyi öz vəzifəsi hesab edirsə, obyektiv yanaşma sərgiləməlidir. Azərbaycan əsgərlərinin Ermənistan ərazilərində olması iddiası əsassız, cəfəngdir. Çünki iki ölkə arasında delimitasiya və demarkasiya prosesi tam həyata keçməyib. Sərhədlər müəyyənləşdikdən sonra “kimin əlinin kimin cibində olduğu” ortaya çıxacaq.

Vaxtilə qanunsuz şəkildə Azərbaycan ərazilərinə soxulan və həbs edilən erməni əsirlərin əksəriyyəti azad olunub. İndi həbsdə olanlar isə hərbi, siyasi cinayətkarlardır. Onlar sivilizasiyaya qarşı vuruşan, Azərbaycan-Ermənistan münaqişəsinə əsas olan separatçı rejimin liderləri, bir çox şəhərlərimizin bonbalanması əmrini verən şəxslərdir. Bu şəxsləri beynəlxalq hərbi tribunala cəlb etməliyik. Onların cinayətləri dünyanın gözü qarşısına çıxarılmalıdır”.

Siyasi şərhçinin sözlərinə görə, Qarabağdan könüllü şəkildə köçən ermənilərin geri qayıdış məsələsi də tez-tez gündəmə gətirilir:

“Avropa İttifaqı belə hallarda obyektiv olmalıdır. 30 il ərzində Azərbaycana dəyən zərərlər, torpaqlarımızın dağıdılması, tökülən qanlara görə məsuliyyət daşıyan ermənilər və s. nəzərə alınmalıdır. Ermənistandan qovulmuş beş milyon Qərbi azərbaycanlının ərazilərinə qayıtması, sovet dövründə qanunsuz şəkildə Azərbaycandan alınan Ermənistana pay verilən torpaqlarımızın geri qaytarılması məsələsini gündəmə gətirməlidirlər”.

Geri qayıt