Əsas Səhifə > Güney Press > "Qısa zamanda sülh müqaviləsi imzalana bilər”

"Qısa zamanda sülh müqaviləsi imzalana bilər”


Bu gün, 16:37
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər”
XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iki ölkənin xarici işlər nazirlərinə “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” üzərində işlərin tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Ermənistanın bu təlimatları yerinə yetirməsi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı TNS-ə açıqlamasına verən deputat Aydın Mirzəzadə bildirib ki, Kazanda Azərbaycan və Ermənistan liderlərinin görüşü olduqca vacib idi.

Millət vəkili qeyd edib ki, vaxtaşırı mətbuatda sülh müqaviləsinin böyük hissəsinin razılaşdırıldığı barədə məlumatlar yer alır: “Görünən odur ki, iki ölkənin lideri bu məsələlərə dair geniş müzakirələr aparıblar. Yekunda xarici işlər nazirlərinə tez bir zamanda müqavilənin razılaşdırılıb başa çatdırılması və imzalanması üçün hazırlanması ilə bağlı tapşırıqlar veriblər. Bu, tərəflərin normal qonşuluq münasibətləri qurmaq istiqamətində artıq səylərini ortaya qoyduğunu göstərir. Azərbaycan üçün bu məsələdə hər hansı bir problem yoxdur”.

Deputat vurğulayıb ki, Azərbaycan daim qonşu Ermənistanla yaxşı münasibətlər qurmaq istədiyini bildirib. Bunun üçün ilk növbədə vaxtı ilə işğala son qoyulmasını tələb edib: “Vətən müharibəsi və antiterror əməliyyatından sonra Azərbaycan yenidən Ermənistanla sülh müqaviləsi bağlanması üçün daim səylər göstərib, beynəlxalq hüquq normalarına uyğun olaraq yaxşı münasibətlər üçün beş şərt irəli sürüb. Ermənistan konstruktivlik nümayiş etdirərsə, beynəlxalq hüququ əsas götürərsə, əlbəttə qısa zamanda sülh müqaviləsi imzalana bilər”.

Aydın Mirzəzadənin sözlərinə görə, hazırda müqavilənin imzalanmasına ən böyük maneə Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiası məsələsidir. Bu məsələni də Ermənistan həll etməlidir: “Ermənistan konustisiyasadakı Azərbaycana ərazi iddiası ilə bağlı maddəni çıxarmalıdır. Həmin maddənin çıxarılması üçün hüquqi yolları tapmalıdır. Ermənistan bunu edər, razılaşdırılmış məsələlər barəsində konstruktiv mövqe tutarsa, qısa zamanda sülh müqaviləsini imzalamaq olar”.


Geri qayıt