Əsas Səhifə > Güney Press, Partiya > “Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…”

“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…”


Bu gün, 12:09
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…”
Kitab oxumaq vərdişi özü də bir mədəniyyətdir. Ancaq təəssüflər olsun ki, son zamanlar bu keyfiyyət insanlarda olduqca azalmağa doğru gedir. Son dəfə keçirilən kitab sərgisi də bir daha sübut etdi ki, daha ədəbiyyata, yazıçılara bir o qədər də maraq göstərilmir.

Ölkəmizdə bu cür vəziyyətin hökm sürməsini bir neçə səbəblə əsaslandırırlar. Bir qisim şəxslər vurğulayır ki, kitablara olan marağın azalması sosial səbəblərlə bağlıdır.

Digər bir variant isə yerli yazarların şablon dəsti-xəttidir. İddia olunur ki, yazarlarımız qeyri-adi, diqqətçəkən əsərlər ərsəyə gətirmədiyi üçün onların kitabları da diqqəti cəlb etmir.

Bəs reallıq nə deyir?

Yazıçı Əkrəm Əylisli sözügedən məsələnin səbəblərini “Yeni Sabah”a açıqlayıb. O, bildirib ki, kitab sərgilərində ideoloji tərəfkeşlik özünü göstərir:

“Bu tipli tədbirlər ona görə lazımi effekt vermir ki, onları təşkil edənlər məsələnin zahiri tərəfinə daha çox əhəmiyyət verirlər. Çalışırlar ki, tədbir daha təmtəraqlı olsun və yuxarıdakıların xoşuna gəlsin. Buna görə də indiki kitab təbliğatı bir çox cəhətdən sovet dövründəkinə bənzəyir. Həmin tədbirlərdə hətta ideoloji tərəfkeşlik də özünü göstərir.

Cari ilin əvvəlində Tbilisidə gürcü dilində 3 povestdən ibarət trilogiyam nəşr edilib. Həmin kitab sentyabrın sonlarında Tbilisidə keçirilən Beynəlxalq Ədəbiyyat Festivalında nümayiş etdirilib. Ancaq bu barədə bizim ədəbi orqanlarda hələ ki, bir söz belə yazılmayıb. Cəmi bir neçə həftə bundan əvvəl keçən əsrin 60-cı illərində yazdığım “Adamlar və Ağaclar” trilogiyası ABŞ-da nəşr edilib. Bir neçə tanınmış Amerika yazıçısı ABŞ-nin ədəbi orqanlarında kitab barədə müsbət rəy bildirib. Ancaq öz ədəbi orqanlarımız bu haqda adi informasiya belə verməyi lazım bilmir. Bir yazıçının haradasa medal almağı ədəbiyyat hadisəsi sayılır. Başqa yazıçının 50-60 il bundan əvvəl yazdığı əsərin bugün ABŞ-da nəşr edilməsi isə ədəbiyyat hadisəsi sayılmır. Bu ayrı-seçkilik deyilsə, bəs nədir? Nə qədər ki, sovet dövründən qalma ayrı-seçkilik ehtirası canımızdan çıxmayıb, keçirilən tədbirlərin heç biri bizi ürəkdolusu sevindirməyəcək”.

Yazıçı kitaba marağın azalmasının digər səbəbini isə belə əsaslandırıb:

“Məsələ belədir ki, cəmiyyətdə laqeydlik hökm sürür. Ziyalısı aktiv olmayan ölkədə isə bu çox təbii haldır. Mənəviyyata, mənəvi həyata cavabdeh olan insanlar aktiv fəaliyyət göstərmir. Çox, faciəli şəkildə passivləşiblər. Buna görə də ruh yüksəkliyi, canlı ab-havanı heç yerdə görə bilmirik. Mənə elə gəlir ki, bütün bunlara səbəb cəmiyyətdə hökm sürən lazımsız dərəcədə laqeydlik ovqatıdır”.

Geri qayıt