Əsas Səhifə > Güney Press > Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb


Bu gün, 12:02
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb
“İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəmənin istintaqı başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prokuror Vüsal Mehrəliyev ittiham aktını səsləndirib. İttihama görə, Nazim Quliyev müxtəlif vaxtlarda özünü vəkil kimi göstərib yalan vədlər verərək zərərçəkmişlərin bir qisminin pullarını dələduzluq yolu ilə ələ keçirib. Daha sonra bu vəsaiti şəxsi məqsədlərə istifadə edib.

Bundan başqa o, digər zərərçəkmiş şəxslərdən hədə-qorxu yolu külli miqdarda pul vəsaiti alıb.

Belə ki, N.Quliyev rəhbəri olduğu "İdealmedia.az" saytında Binə Atçılıq İdman klubunda ölmüş atların ətini satdığın iddia olunan xəbər yayacağı ilə bağlı Natiq Zeynalovu təhdid edib. Bu xəbərin yayılmaması adı ilə zərərçəkmişdən pul alıb.

Daha sonra o, digər zərərçəkən 16 saylı Poliklinikada çaışan Məleykə Həsənovanın qanun pozuntularını, pulsuz təqdim edilməli olan dərmanları satmaqla bağlı iddialarını öz saytında ictimaitləşdirdikdən sonra, zərərçəkənin həyat yoldaşına onunla bağlı digər məlumatları yayacağını söyləyərək külli miqdarda vəsait ələ keçirib.

Nazim Quliyev özünü təqsirli bilməyib.

Növbəti iclas 22 noyabra təyin edilib.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

Geri qayıt