Əsas Səhifə > Güney Press > “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi

“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi


Bu gün, 09:01
“Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi
Yevlax rayonu ərazisində yaradılacaq “Yevlax Pilot Aqropark” üzrə tikinti işlərinin II mərhələsinə başlanılır.

İqtisadiyyat.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi bununla bağlı hazırlıqlara start verib.

Beləliklə, ikinci mərhələ üzrə tikinti işlərinin icrası "M-NAF" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub və müqavilə bağlanılıb. Bağlanmış müqaviləyə əsasən, şirkət tikinti işlərini 31.258.831,29 manata icra edəcək.

Qeyd edək ki, Yevlax rayonu ərazisində pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılıb. Aqroparkın 2021-ci il dekabrın 4-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə rəmzi açılış mərasimi keçirilib. Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Yevlax Pilot Aqroparkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdiriləcək. Belə ki, dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəcərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Pilot aqroparkda müasir aqrar-sənaye kompleksinin yaradılması klaster fəaliyyətinin qurulması hesabına həyata keçiriləcək.

Aqroparkın ümumi ərazisi 2807 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 129 hektarını isə sosial zona təşkil edəcək. Pilot aqroparkın 1147 hektarlıq sahəsi 20 hektarlıq parsellərə bölünməklə fermerlərin uzunmüddətli istifadəsinə veriləcək. Layihə çərçivəsində 1147 hektarlıq ərazinin 3 parselində (60 hektar) Dövlət Məşğulluq Agentliyi tərəfindən Yevlax və Goranboy rayonlarında və Mingəçevir şəhərində işaxtaran və işsiz şəxslərin, hər ailəyə 1 hektar olmaqla ümumilikdə 60 ailənin özünəməşğulluq proqramına cəlb edilməsi planlaşdırılır. Bu günə qədər 1687 hektar ərazi üzrə sahibkarlarla icarə müqavilələri bağlanıb.

Bundan başqa aqroparkın emal və sosial zonaları üçün nəzərdə tutulmuş 141 hektar ərazisinin 8 hektarında sosial zonanın, 45 hektarında 3000 başlıq ətlik heyvandarlıq kompleksinin, 11.1 hektarında illik istehsal gücü 16,5 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatının və digər sahələrində isə emal müəssisələrinin və istehsal sahələrinin yaradılması planlaşdırılır.

Aqropark ərazisində əkin sahələrində məhsuldarlığın yüksəldilməsi və səmərəliliyin artırılması üçün ağıllı idarəetmə sisteminin tətbiqi, aqronom və biznes-konsaltinq xidmətlərin təşkili planlaşdırılır. İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstəriləcək.

"Yevlax Pilot Aqropark" layihəsinin ümumi dəyəri 103 milyon manatdır. Bunun 29 milyon manatı dövlət vəsaiti, 74 milyon manatı isə özəl investisiya hesabına formalaşacaq. Aqroparkda 500 nəfər daimi, 1000 nəfər isə mövsümi işlə təmin ediləcəkdir.

Geri qayıt