Əsas Səhifə > Güney Press > "Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik"

"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik"


Bu gün, 14:58
"Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik"
“Azərbaycanla danışıqların vasitəçilərin iştirakı olmadan, ikitərəfli format çərçivəsində aparılması ermənilər üçün çıxılmaz nöqtə və tələdir”.

Musavat.com xəbər verir ki, bu sözlər erməni daşnak deputat Armen Rüstəmyan tərəfindən səslənib.

Rüstəmyanın iddiasına görə, Ermənistanın baş naziri Türkiyədən Azərbaycan-Ermənistan məsələlərinə müdaxilə etməyi xahiş edir. Onun sözlərinə əsasən, Paşinyan üçün Türkiyənin iştirakı daha məqbul sayılır.

Daşnak siyasətçinin fikrincə, Paşinyan iqtidarı Türkiyənin uzun müddətdir danışdığı bütün məlum ilkin şərtləri tədricən təmin edir və ortada “Zəngəzur dəhlizi” ilə bağlı yalnız Azərbaycanın tələbi qalır.

Revanşist deputat bu məsələ ilə bağlı Ermənistan hakimiyyətinin ritorikasının getdikcə yumşaldığı qənaətindədir.

“Əvvəlcə onlar bizim kommunikasiyalar baxımından heç bir fərqdən danışmırdılar, amma indi imtiyazlar verməyə hazır olduqlarını deməyə başladılar. Bu imtiyazların nə olduğunu biz həmişəki kimi sonda biləcəyik”, - deyə o qeyd edib.

Rüstəmyanın söylədiyinə görə, Türkiyə yumşaq gücdən istifadə etməklə Ermənistanın türkləşməsinə nail olmaq istəyir.

“Təkcə iqtisadi komponent Türkiyəyə Ermənistanı udmaq üçün kifayətdir. Əgər hər iki tərəfdən iqtisadi ekspansiya başlasa, o zaman çox qısa müddətdə Ermənistan iqtisadi cəhətdən Türkiyə-Azərbaycan tandemindən asılı vəziyyətə düşəcək. Belə olan halda Türkiyəyə tabe olan Ermənistan adlı müəyyən ərazi yaranacaq”, - deyə Armen Rüstəmyan bildirib.

Geri qayıt