Əsas Səhifə > Güney Press > “Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...”

“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...”


Bu gün, 11:06
“Elza Seyidcahana iradımız yoxdur, onu sevirlər, ittifaqa üzv olanda soruşdular ki...”
“Hamını maraqlandıran suallardan biri də budur ki, əməkdar artist Elza Seyidcahan necə Bəstəkarlar İttifaqının üzvü oldu? Onların danışmağa bir əsasları yoxdur. Elza xanım bəstəkarlıq fakültəsini bitirib, professor, görkəmli sənətkarımız Arif Məlikovun tələbəsi olub, diplom işini yazıb, onu müdafiə edib, Arif müəllim ona yüksək qiymət verib. Sonra bizim ittifaqa sənədlərini verəndə ona dedik ki, Elza xanım, siz müstəqil əsərlər yazmalısız. O gətirdi bir neçə partutura, yerindəcə onlara baxdıq. İdarə heyətinin iclasında müzakirə olundu və gördük ki, həqiqətən də yeni əsərlər yaradır”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib. O daha sonra əlavə edib.

“Hamı elə bilir ki, Elza Seyidcahan təkcə mahnı yazır, amma bu belə deyil. Onun simfonik əsərləri də, poemaları da var. Üstəlik fortepiano və orkestr üçün əsərləri də var. İttifaqa üzv seçiləndə o filarmoniyada çox gözəl müəllif konserti təşkil etdi. Özü də royal arxasında oturdu və xor onun əsərlərini ifa etdi. Özünün təkcə mahnı ilə məşğul olmadığını göstərdi, sübut etdi. Bundan sonra biz Elza xanımı qəbul etdik. Bəstəkar olaraq ona heç bir iradımız yoxdur. O bəstəkar olaraq mahnılar da, lazım olanda simfonik əsərlər də yazır. Bu insan təhsil alıb. Bilir ki, simfonik orkestr, xor kollektivi nədir? Daha çox onun meyli mahnıyadır. Biz ona heç nə deyə bilmərik. Bəstəkar azad insandır. Nə istəyir onu yazır, yaradır. Onu sevirlər, sevmirlər bu başqa məsələdir. Amma Elza Seyidcahanı sevirlər, biz bunu inkar edə bilmərik. Bəlkə də başqa sahələrdə onu sevməyən insanlar da var, bunu deyə bilmərəm. Amma musiqiçi, bəstəkar kimi o öz funksiyasını yerinə yetirir” deyə Firəngiz Əlizadə bildirib.

Geri qayıt