Əsas Səhifə > Güney Press > Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək?

Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək?


Bu gün, 19:00
Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək?
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır.

Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

"Bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır", - deyə o qeyd edib.

Maraqlıdır, bundan sonra kredit alamaq asanlaşacaq?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Azərbaycanda nağd və istehlak kreditlərinin verilməsi asan olsa da, faiz yüksəkdir:

“Ölkəmizdə bankdan kredit götürmək elə də çətin deyil, əksinə, asandır. Sadəcə olaraq, fiziki və hüquqi şəxslərə verilən kreditlərin faizi xeyli yüksəkdir. Bunun da səbəbi Mərkəzi Bankın qəbul etdiyi qərarlardır. Belə ki, Mərkəzi Bank uçot dərəcələri ilə bağlı bir neçə aydan bir qərar qəbul edir. Bu da bankların verdiyi kreditlərin ümumi faizinə təsir edir”.

O bildirib ki, Azərbaycanda problemli kreditlər idarə olunan səviyyədədir:

“Amma problemli kreditlər tendensiyasına baxdıqda, hər ay cüzi də olsa, artım müşahidə edə bilərik. Bu da onu deməyə əsas verir ki, bir müddət sonra problemli kreditlər arta bilər. Bu kreditlər artsa, bank sektorunda müəyyən problemli vəziyyət yaranar. Kreditlərin asan şəkildə əldə edilməsi ilə bağlı addımın atılmasına ehtiyac var və kredit faizləri aşağı salınmalıdır”. İqtisadçı qeyd edib ki, kreditlərə tələb yüksəkdir: “Vətəndaşların kredit tələbləri yüksək olduğuna görə banklar bununla bağlı özlərinə sərf edən qərarlar verir. Çünki bankların qazancı daha çox istehlak və nağd kreditlər hesabına eldə edilir. Bu səbəbdən də istehlak krediti 14 -30 %-ə qədər müəyyən edilir. Vətəndaşın bu kreditləri ödəyə bilməsi elə də asan deyil. Ona görə kredit faizləri aşağı salınmalıdır”.

Geri qayıt