Əsas Səhifə > Güney Press > İran "təhlükəsizlik çəmbəri" yaradır

İran "təhlükəsizlik çəmbəri" yaradır


Bu gün, 06:50
İran "təhlükəsizlik çəmbəri" yaradır
İranın xarici işlər naziri Abbas Əraqçı Küveytə və Bəhreynə səfərə yola düşüb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərlə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Abbas Əraqçı bu gün regional səfərləri çərçivəsində adıçəkilən iki ölkəyə gedəcək. Səfərin əsas məqsədi və gündəliyi ilə bağlı ətraflı açıqlama verilmir. İsmayıl Bəqai yalnız İran XİN rəhbəri səfərləri zamanı bölgədə baş verən prosesləri müzakirə edəcəyini deməklə kifayətlənib.

Təbii ki, regionda baş verən proseslər dedikdə, söhbət ilk növbədə, İsrailin HƏMAS və “Hizbullah”a qarşı apardığı müharibədən gedir. Eyni zamanda, İsrailin İrana gözlənilən mümkün hücumu danışıqların əsas müzakirə mövzularından birini təşkil edəcək. Çünki İsrailin son bir ildə Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İrana bağlı əsas silahlı güc mərkəzlərindən ikisini sıradan çıxarıb. Artıq HƏMAS bu müharibədə məğlub olmuş sayılır. “Hizbullah”ın da rəhbərliyindəki bütün şəxslər, təşkilatın hərbi və maliyyə mənbələri məhv edilib. İranla hər iki silahlı qruplaşma arasında birbaşa əlaqə kəsilib.

Uzun illər İsrailə qarşı hücum və terror aktları vasitəsilə proksi müharibə aparan “Hizbullah”, HƏMAS, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələri, “Zeynəbiyyun”, “Fatimiyyun”, “Ənsərullah” kimi çoxsaylı militar təşkilatlar İranın Yaxın Şərqdə hücum strategiyasını təşkil etməklə yanaşı, həm də öz sərhədlərindən kənarda müdafiə olunmaq imkanı yaradıb. İndi isə İsrail bu cəbhə xəttinin böyük hissəsini dağıdıb və İrana bağlı qüvvələri öz sərhədlərindən uzaqlaşdırmağa nail olub. Lakin Benyamin Netanyahu hökuməti İsrailə qarşı vəkalət müharibəsinin əsas mənbəyi rolu oynayan İranın cəzalandırılmasını vacib hesab edir. Ona görə də İsrailin İranın hərbi obyektlərinə raket və dron zərbələri endirəcəyi gözlənilir.

Bu aviazərbələrin genişmiqyaslı İsrail-İran müharibəsinə çevrilməsi isə hücumun miqyasından asılı olacaq. İki ölkə arasında müharibə başlasa, o zaman ABŞ və Britaniyanın da İsrailə hərbi dəstək verəcəyi qaçılmaz hesab edilir. Rəsmi Vaşinqton hazırda İsrailin müdafiə hüququnu tanıdığını bildirsə də, bölgədə genişmiqyaslı müharibədə maraqlı deyil. Çünki İsrailin əsas hədəfləri sırasına İranın enerji infrastrukturu da daxildir. Bu isə dünyada neftin qiymətinin kəskin bahalaşmasına səbəb ola bilər. Vəziyyətin belə dəyişməsi prosesinə paralel olaraq, ABŞ-də keçiriləcək prezident seçkilərinə təsir göstərəcək.

Ona görə də Bayden administrasiyası İranın enerji obyektlərinə toxunmadan Benyamin Netanyahunu lokal zərbələr endirməklə kifayətlənməyə razı salmağa çalışır. Yəni bütün hallarda İsrailin İrana hücumu qaçılmaz görünür. İranın Yaxın Şərqdə bufer zona kimi formalaşdırdığı müdafiə xəttini yaran İsrail artıq Xameneyi rejiminin özünü hədəfə alıb. Hazırda əsas sual İranın İsrailə qarşı yeni müdafiə xətti yaratmaq istəyəcəyi, yoxsa birbaşa qarşıdurmaya üstünlük verəcəyi ilə bağlıdır.

Abbas Əraqçinin Türkiyədən sonra Küveytə və Bəhreynə səfərləri İranın region ölkələrindən təhlükəsizlik zəmanətləri almağa çalışdığını göstərir. Türkiyənin İsraillə bağlı mövqeyi İranı qane edir. Tehran ərəb ölkələrinin qeyri-sabit yanaşmasından narahatdır. İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezayinin oktyabrın 18-də verdiyi açıqlamada İsrailin növbəti hücum hədəfinin Səudiyyə Ərəbistanı və İraq olacağını deməsi İranın gözlənilən təhlükə qarşısında ərəb ölkələrini öz tərəfinə çəkmək niyyətindən xəbər verir.

Bu arada Küveytin “Əl-Hurrə” telekanalı körfəz ölkələrinin İsrailin İrana hücumunu dəstəklədiyinə dair məlumat yayıb. Qeyd edək ki, müharibə başlasa, ABŞ-nin Küveytdəki hərbi bazasından İsrailə hərbi dəstək verəcəyi və ya İrana raket zərbələri endirəcəyi əsas variantlardan biri hesab edilir. Ona görə də rəsmi Tehran belə hücumların olmayacağına dair Küveytdən təminat almağa çalışır. Yaxın Şərqdə mövqelərini zəifləyən İran görünür, şiə əhalinin çoxluq təşkil etdiyi Bəhreyndəki siyasi-ideoloji təsirini qoruyub saxlamağa çalışır. Lakin hazırda İrana digər ərəb ölkələri kimi, Bəhreynlə də münasibətlərin normallaşması lazımdır.

Yəni İran İsrailin hücumu qarşısında tək qalmaq və siyasi müdafiədən məhrum olmaq istəmir. London İqtisadiyyat və Siyasi Elmlər Universitetinin professoru, Yaxın Şərq Mərkəzinin İran-Amerika tədqiqatçısı Araş Rəşidnejadın fikrincə, İranın ərəb ölkələrində də təsirinin artdığı görünür. Hücumdan əldə edilən yumşaq qazanc İranın Suriyada Əsəd rejiminə dəstəyi ilə müsəlman dünyasında zəifləmiş populyarlığını bərpa edə bilər. Fələstinlilər və ərəb icmaları arasında İrana dəstək artıb və bu, Tehranla ərəb körfəzi ölkələri arasında gərginliyin azalmasına səbəb ola bilər. Lakin ekspert qeyd edir ki, İranın İsraillə bağlı yeni “qırmızı” xətti aydın şəkildə müəyyən edilib.

Bu dəyişiklik İranın ənənəvi “qırmızı” xətlərinin dağılmasına işarə edir. Artıq İran “boz” strategiyaya, yəni qeyri-hərbi dövlət hərbi müttəfiqlərdən istifadəyə deyil, birbaşa hücuma üstünlük verir. Buna isə İsrail torpağına öz ərazisindən birbaşa hücum və dünya nüvə gücünə hücum səbəb olub.

Müşfiq Abdulla
“Cebheinfo.az”
Geri qayıt