Əsas Səhifə > Güney Press > Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam

Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam


Dünən, 18:01
Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam
“Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubu müsbət qiymətləndirmək olar. Bu, rəsmi Vaşinqtonun Bakı ilə əməkdaşlıqda maraqlı olduğu göstərir”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ-ın son zamanlar atdığı neqativ addımlar Azərbaycanda ciddi suallar yaradıb:

“ABŞ-Ermənistan hərbi təlimləri və bu kimi məsələlər münasibətlərimizə mənfi təsir edir. Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubun mətnindən aydın olur ki, Ağ Ev ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Əslində, Bayden COP29 yazarkən, eyni ayda ABŞ-dakı prezident seçkisini düşünüb.

Ağ Ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücü ilə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu, Kamala Harrisin xanasına yazılacaq”.

Politoloq qeyd edib ki, Ağ Ev Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var:

“Baydenin xüsusi köməkçisi Maykl Karpenter Paşinyanı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ehtiva edən bəndi çıxarmağa inandırmalıdır.

Ağ Ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür. Əks halda erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək”.

Geri qayıt