Əsas Səhifə > Güney Press > “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq”

“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq”


Dünən, 16:20
“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq”
“Noyabrın 5-nə qədər Zəngəzur dəhlizi adlanan yolu açmağa çalışacaqlar”.
Bu barədə erməni politoloq Alen Gevondyan deyib. Gevondyan iddia edir ki, dəhlizin açılması istiqamətində addımlar oktyabrın 26-dan noyabrın 5-nə qədər sürətlənəcək və 5 noyabr tarixinə qədər dəhliz açılacaq.
“Ermənistan hakimiyyəti müqavimət resurslarının olmadığını əsas gətirəcək, bu prosesə etiraz etməyəcək. Onu da qeyd edim ki, Ermənistanın geosiyasi əhəmiyyəti Zəngəzur bölgəsidir. Bu bölgə ilə əlaqəmiz itərsə, Ermənistan sıradan bir əraziyə çevriləcək”, - deyə erməni politoloq vurğulayıb.

Bu barədə Moderator.az-a danışan deputat Ceyhun Məmmədov qeyd edib ki, prosesləri diqqətlə təhlil edəndə görürük ki, Ermənistan uzun müddət çalışdı ki, müxtəlif vasitələrlə Azərbaycana təzyiq etsin və Azərbaycanın bölgədə yaratdığı yeni reallığı dəyişsin:

“Amma Ermənistan gördü ki, bütün cəhdlərə baxmayaraq, buna nail olmaq qeyri - mümkündür. Söhbət, Avropa İttifaqı, ABŞ vasitəsilə edilən təzyiqlərdən və cəhdlərdən gedir. Amma bu cəhdlər faydasız oldu. Ona görə də, Ermənistan artıq anlayır ki, başqa yol yoxdur və o, Azərbaycanın şərtlərini yerinə yetirməlidir. Təbii ki, Ermənistan anlayır ki, Azərbaycan sona kimi məqsədlərinin arxasınca gedəcək və yeri gələrsə, hərbi yolla öz məqsədlərinə nail olmaq üçün müəyyən addımları atacaq. Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilməyəcək. Ona görə də onlar ehtiyat edirlər ki, proses davam edərsə, Ermənistan üçün daha ağır və çətin ola bilər”.

Millət vəkili vurğulayıb ki, Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti olduqca böyükdür:

“Regional əhəmiyyəti odur ki, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Bu dəhlizin bağalanması Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolla ölkəmizdən ayrı salmışdır. Bu illər ərzində Naxçıvan sakinləri Zəngəzur dəhlizinin bağlı olmasından çox əziyyət çəkib. Naxçıvanlıların ölkəmizin digər bölgələrinə gediş-gəlişində, daşınmaların həyata keçirilməsində, enerji təhlükəsizliyinin təminində böyük problemlər yaşanıb. Bu çətinliklər də Zəngəzur dəhlizinin açılması ilə həll olunacaq.
Beynəlxalq əhəmiyyət odur ki, isə bu dəhliz olduqca əhəmiyyətli ərazidə yerləşir. Bir sıra dövlətlərin də marağındadır ki, bu dəhliz açılsın. Bu dəhliz vasitəsilə gələcəkdə beynəlxalq yüklərin daşınması planlaşdırılır. Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt türk dünyası arasında yaranmış körpü olacaq.
Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq. Zəngəzur dəhlizi ,eyni zamanda, Azərbaycana iqtisadi dividentlər də gətirəcək. Bu mənada da bu proses xüsusi əhəmiyyət və önəm daşıyır”.

Geri qayıt