Əsas Səhifə > Güney Press > GÜLƏN ÖLDÜ.... FETÖ hələ var...

GÜLƏN ÖLDÜ.... FETÖ hələ var...


Dünən, 15:32
GÜLƏN ÖLDÜ.... FETÖ hələ var...
Fətullah Gülənin ölümü FETÖ-nün yoxa çıxması, yaxud tamamilə zəifləməsi demək deyil. Bu qədər geniş şəbəkələşmiş, müxtəlif ölkələrin siyasi idarəçiliyinə qədər sızmış, milyardlarla dollar dövriyyəsi olan bir təşkilat geosiyasi proseslərdə rıçaq olaraq istifadə edilir. FETÖ-nün ortaya çıxması prosesi və hədəflərinə nəzərə saldıqda bu aydın görünür.
1969-cu ildə Gülən camaatı fəaliyyətə başlayanda Türkiyədə artıq ilk hərbi çevriliş edilmiş (1960-cı ilin 27 may tarixi), “çevriliş ssenariləri”nin təməli atılmışdı. Fətullah Gülən Türkiyədə təşkilatlanma apardıqdan sonra müalicə adı ilə ABŞ-a getdi və geri qayıtmadı. Pensilvaniyada mənzillənən Gülənin “uğur hekayəsi” də bundan sonra başlanır: Roma Papası səviyyəsində qəbul olunur, dünya dinlərarası dialoqunda önəmli şəxslərdən olur, siyasətə təsir imkanları böyüyür, dünyanın 160 ölkəsində təşkilatlanır, əlində yetərincə qədər maliyyə imkanları toplayır və s;
FETÖ-nün qısa müddətdə bu qədər genişlənməsi və güclənməsi, Gülənin “dini lider” kimi məşhurlaşmasının ABŞ-ın birbaşa dəstəyi ilə mümkün olduğu istisna deyil. Məqsəd Türkiyədə təsir rıçaqlarının genişləndirilməsi idi. Lakin bir məqam xüsusilə maraqlıdır: Türkiyədə hərbi çevrilişlər etmək imkanı olan ABŞ nə üçün “dini lider” planına da yatırım edir, Gülən şəbəkəsini bəsləyirdi?!
Bunun cavabını 100 il öncənin tarixində - Osmanlının dağılmasından sonrakı proseslərdə axtarmaq lazımdır. Cümhuriyyət qurulanda mövcudluğunu davam etdirə bilmək üçün imperiyanın mirasından imtina xətti tutuldu, bura İslama yanaşma da daxil idi. 1960-cı ildə hərbi çevrilişin və Menderesi dar ağacına aparan səbəblər arasında da bunu tapmaq mümkündür. Menderes o dövrdə Türkiyədə ən çox mübahisə mövzusu olan “azanın ərəbcə, yoxsa türkcə” səsləndirilməsi məsələsində ərəbcəni dəstəkləmişdi. Bu, dini mövzu kimi görünsə də, o qədər bəsit deyildi, çünki Osmanlı imperiyasından sonra Türkiyənin İslam dünyası ilə istənilən əlaqəsi süngü ilə qarşılanırdı. Ərəbcə azan da bu körpülərdən biri idi. Hərçənd, Türkiyəni İslamdan uzaqlaşdırmağın mümkün olmadığını görənlər bunun əksi üzərində də düşünürdülər: Türkiyə üçün Qərbin əlində olan “İslami güc” hazırlamaq, bu gücü iqtidara gətirmək;
Belə bir güc təkcə Türkiyəni yox, İslam coğrafiyasına, hətta türk dünyasına da nüfuz etmək imkanları yaradırdı. Gülən Türkiyənin Xomeynisi ola bilərdi.
15 iyul çevriliş cəhdinin baş tutması bu planda ciddi itkilərlə nəticələndi. Lakin bu, nə FETÖ-nün yox olduğu, nə də onu yaradanların bundan imtina etdiyi demək deyil. Fəaliyyət mexanizmlərinə korrektlər edən qruplaşma hələ də fəaliyyət göstərir və son illər fəaliyyət göstərdikləri ölkələrin siyasi müxalifətinə daha çox diqqət ayırdığı haqda məlumatlar var. Çünki çevriliş cəhdindən sonra təkcə Türkiyədə yox, digər ölkələrdə də FETÖ-nün dövlət sektorundan təmizlənməsi prosesi aparıldı. Görünür, şəbəkə hakimiyyətin ələ keçirilməsi işində müxalifətdən də tramplin kimi istifadə etməyin nə qədər effektiv olduğunu yoxlamaq qərarına gəlib.

Asif Nərimanlı Dia-az.Media

Geri qayıt