Əsas Səhifə > Güney Press > "Bank kartlarına böyük məbləğdə vəsait saxlamayın"

"Bank kartlarına böyük məbləğdə vəsait saxlamayın"


Bu gün, 03:24
"Bank kartlarına böyük məbləğdə vəsait saxlamayın"
Vətəndaşların bir çoxu banklardan mütəmadi olaraq istifadə edir. Ancaq son zamanlar bank sistemindən narazı olan müştərilərin sayı artmaqdadır. Bəs müştərilərinin şikayətlərinin səbəbi nədir? Bank sektorumuzun əsas çatışmayan cəhətləri nələrdir?

Sitat.info-nun mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu sahədə əsas problem bank kartlarından vəsaitin itməsidir: "Son vaxtlar müştərilər bundan tez-tez şikayətlənsə də, bəzən günah elə onların özündə olur. Müştərilər kartın parolunu başqa şəxslərə verir, xarici saytlardan alış veriş edir və s".

İqtisadçı ekspert bildirib ki, bəzi hallarda isə müştərinin xəbəri olmadan kart balansından vəsait itir: "Bu da bankların informasiya təhlükəsizlik sisteminin zəif olması ilə bağlıdır. Xüsusi ilə son zamanlar bu halların sayı artıb. Yaxşı olar ki, müştərilər bank hesablarında böyük məbləğdə vəsait saxlamasınlar".

Ə. Həsənov onu da əlavə edib ki, banklarda xarici valyuta ilə bağlı qoyulan qanunsuz limit də vətəndaşların ən başlıca şikayətlərindən biridir: "Vətəndaşlar banklardan xarici valyuta almaq istədikdə onlara hansısa qanunsuz limit qoyurlar. O limiti keçdikdə müştərilərdən sübut istəyirlər ki, bu pul səndə haradandır? Halbuki, Azərbaycanda məmurlardan belə gəlir bəyannaməsi tələb olunmur. Heç kəs də bunu tələb etmir. Bütün bunlar xarici valyutaya qarşı qoyulan süni əngəldir".

Ekspert digər bir problemin bank kreditləri ilə bağlı olduğunu qeyd edib: "Əsas şikayət həm də cərimələrlə bağlıdır. Məhkəmələr mühasibatlıq ekspertizası keçirir. Ekspertlər bir çox hallarda deyirlər ki, banklar cərimələri düzgün saymır, məbləği şişirdirlər. Yəni müştərilərdən artıq pul tələb edirlər. Bu kimi hallara da tez-tez rast gəlinir".
Geri qayıt