Əsas Səhifə > Güney Press > Ankaranın yeni “kürd açılımı”: Bərzani olmasa...

Ankaranın yeni “kürd açılımı”: Bərzani olmasa...


Bu gün, 01:00
Ankaranın yeni “kürd açılımı”: Bərzani olmasa...
Son günlərin diqqət çəkən siyasi hadisələrindən biri də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Ankarada Türkiyə Cümhuriyyətinin rəhbərliyi tərəfindən qəbul edilməsi oldu. Bərzani əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ardınca isə xarici işlər naziri Hakan Fidan tərəfindən də qəbul edilib. Görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

Görüşdə Türkiyə-İraq əlaqələri və İraq Kürd Regional Rəhbərliyi ilə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional və qlobal hadisələr müzakirə edilib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən açıqlamaya görə, Ərdoğan oktyabrın 20-də İraq Kürd Regional Rəhbərliyində keçiriləcək parlament seçkilərinin xeyirli olmasını arzulayıb. O, İraq Türkmən Cəbhəsinin də iştirak edəcəyi seçkilərin sülh və əmin-amanlıq şəraitində keçiriləcəyinə inandığını bildirib.

Bu görüşü maraqlı edən əsas məsələ regiondakı gərgin hərbi-siyasi vəziyyətdir. İsrailin artan təcavüzünə diqqət çəkən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgənin sabitliyi və təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini vurğulayıb və İraq hakimiyyətinin ölkəni münaqişədən uzaq tutmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Görüşdən sonra Bərzani öz “X” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Ankarada Türkiyə Prezidenti ilə görüşməkdən çox məmnunam. Müzakirələrimiz regional sabitliyin möhkəmləndirilməsi və Kürdüstan regionu, İraq və Türkiyə arasında əlaqələrin daha da gücləndirilməsi də daxil olmaqla bir sıra məsələləri əhatə edib”.

Beləliklə, bölgədə yaranmış həssas hərbi-siyasi vəziyyətin fonunda rəsmi Ankaranın Bərzani ilə təmasının məqsədi nə ola bilər? Ərdoğanın İsrail ilə bağlı açıqlamaları və Bərzani ilə görüşü nədən xəbər verir?

Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Fərhad Məmmədov deyir ki, vaxtı ilə Kürdüstan müstəqillik haqqında referendum keçirəndə Türkiyə, İraq və İran buna qarşı çıxmışdı: “Regionda bu referendumu dəstəkləyən isə İsrail idi. Eyni zamanda İraq Kürdüstanı İsrailin neft ehtiyaclarını Türkiyə vasitəsi ilə ödəyib. Fiziki cəhətdən isə birbaşa birləşikdir. Elə bir format yaranır ki, İraq Kürdüstanı yaxınlaşan müharibədə hava məkanı kimi istifadə oluna bilər. Ona görə də bu təmasların intensivliyini müşahidə edirik. Bərzaninin Türkiyəyə gəlişi də bu məsələlər ilə bağlıdır”.

Politoloq deyir ki, həm də Türkiyədə son dövrlərdə kürd açılımına yeni nəfəs gəlib. Bərzani əşirətinin bu proseslərdə rol alması çox vacibdir. Çünki Türkiyə hökuməti həm PKK ilə mübarizə aparmaq, həm də kürd açılımını həyata keçirmək istəyir. Belə olan halda, əlbəttə, Bərzani ailəsinin nüfuzu Türkiyə hakimiyyəti üçün çox vacibdir.

“İraqın Kürdüstan Bölgəsində yerli parlamentə seçkilər keçirilir. Bu seçkilərdə əsas mübarizə İraqın keçmiş prezidenti Cəlal Tələbaninin oğlu Bafil Cəlal Tələbaninin başçılıq etdiyi Kürdüstan Yurdsevərlər Birliyi ilə Neçirvan Bərzaninin başçılıq etdiyi Kürdüstan Demokratik Partiyası arasında gedir”.

Bu sözləri isə saytımıza açıqlamasında politoloq Xaqani Cəfərli deyib.

Onun sözlərinə görə, Bafil Tələbani və başçılıq etdiyi KYB Kürdüstanda İrana yaxın qüvvə hesab olunur. Necirvan Bərzanin başçılıq etdiyi KDP isə Türkiyəyə yaxın qüvvə kimi tanınır. Bu partiyaların kürd məsələsinə fərqli baxışı var. Bafil Tələbani və KYB İraq Kürdüstanını “Cənubu Kürdüstan” adlandırır və Türkiyədəki kürdlərin separatçılıq hərəkatını dəstəkləyir. Bundan başqa, Bafil Tələbaninin Suriyadakı YPG-i ilə ciddi bağlantısı var. Hətta YPG silahlılarına Bafil Tələbaninin adamlarınin təlim keçdikləri iddia olunur. Türkiyə rəsmiləri bir neçə dəfə bununla bağlı Bafil Tələbaniyə xəbərdarlıq ediblər: “İndi Türkiyə İraq Kürdüstanında hakimiyyətin Bafil Tələbaninin əlinə keçəcəyindən narahatdır. Neçirvan Bərzaninin Ankaraya səfəri də əsasən bununla bağlıdır. Digər tərəfdən, Türkiyə hakimiyyətinin yeni bir “kürd açılımı”na hazırlaşdığı görünür. Bu məsələdə də Neçirvan Bərzani faydalı ola bilər. Bundan başqa, Ankara İsrailin İranın proksi qüvvələrinə qarşı hücumunun Suriyada Bəşər Əsədin hakimiyyətini tamam zəiflədəcəyindən, Suriyanın parçalanacağından və Suriyadakı kürdlərin muxtariyyatlarını, hətta müstəqilliklərini qazana biləcəyindən narahatdır. Neçirvan Bərzani isə Türkiyə ilə yaxşı münasibətlərini kürdlər daxilində liderliyini saxlamaq üçün istifadə etməyə çalışır. Bu coğrafiya ciddi dəyişikliklər ərəfəsindədir və maraqlı tərəflər həmin dəyişikliklərə hazır olmağa çalışır”, - deyə Cəfərli sonda vurğuladı.

Pressklub.az
Geri qayıt