Əsas Səhifə > Güney Press > Əhalinin depozitini geri çəkməsinə səbəb nədir?

Əhalinin depozitini geri çəkməsinə səbəb nədir?


Bu gün, 15:00
Əhalinin depozitini geri çəkməsinə səbəb nədir?
Bu günlərdə bir neçə bank depozitlərin azalması ilə bağlı məlumatlar yayıb. “Azəri-Türk Bank”-ın məlumatında deyilir ki, Hesabat dövründə fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3,4 % və ya 7 milyon 224 min manat azalaraq 207 milyon 208 min manat olub. “Azərbaycan Sənaye Bankı”nın (ASB) depozit portfeli 2024-cü ilin III rübündə 14 milyon manatdan çox azalıb. Əhalinin bankdakı müddətli əmanətləri 4,89 milyon manat azalaraq 293,4 milyon manatdan 288,5 milyon manata enib. Bu dövrdə əhali 4,99 milyon manat tələbi depozitini geri çəkib. "Xalq Bank"ın depozit portfeli 240 milyon manatdan çox azalıb.

Əhalinin depozitini geri çəkməsinə səbəb nədir?
Bəziləri bunu devalvasiya olma ehtimalı ilə əlaqələndirir. Əslində nə baş verir?

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, azalmalar spesifikdir, yəni bütün banklar və ümumi bank sektoru üzrə qeydə alınmır. Üstəlik, rəqəmlər də məcmu depozit balansı ilə müqayisədə o qədər yüksək nisbətə malik deyil. Digər tərəfdən, heç də bütün azalmalar fiziki şəxslərin əmanətləri üzrə baş verməyib. Bəzi hallarda hüquqi şəxslərin, xüsusən tələbli depozitlərində də geriləmələr yaşanıb ki, bu da yüksək ehtimalla bank olmayan maliyyə institutlarının cari hesablarındakı dəyişikliklərdən irəli gələn məsələdir.

İqtisadçı qeyd edib ki, bu halla bağlı səbəb kimi adətən Mərkəzi Bank tərəfindən periodik olaraq yayımlanan “Maliyyə sabitliyi hesabatları”nda iri neft-qaz şirkətlərinin biznes əməliyyatları göstərilməkdədir. Hesabatda həmçinin hüquqi şəxslərin tələbli depozitlərinin yüksək konsentrasiyasının Mərkəzi Bank tərəfindən diqqətdə saxlanılmasının vurğulanması, hazırda elə də ciddi təhlükə hiss olunmadığına əsas verir. Pünhan Musayev əlavə edib ki, bank sektoru üzrə vəziyyət indiki halda təhlükəli deyil, baxmayaraq ki, son dövrlər bir neçə bankın lisenziyası ləğv olunub.

“Bir neçə ay əvvəl beynəlxalq reytinq agentliyi olan “Moody’s” tərəfindən bir neçə aparıcı bankın reytinqinin yüksəldilməsi, ən pis halda stabil qiymətləndirilməsi və ümumilikdə, bank sektoru ilə bağlı pozitiv rəylər bu fikri qüvvətləndirəcək arqumentlərdəndir. O baxımdan gözləniləndir ki, növbəti aylarda əmanət həcmlərindəki artım müşahidə olunsun”-deyən ekspertin fikrincə, qısa müddətdə bir neçə bankdan həcmi milyonlarla manat olan əmanətin çıxarılması da gözardı ediləcək məqam deyil. Ancaq, belə halların iqtisadi katastrofa səbəb olması üçün şərtlərdən biri də, prosesin azı bir neçə ay davam etməsidir.

Pünhan Musayev vurğulayıb ki, 1-2 ayın göstəricisi ilə həyəcan siqnalı çalmağa əsas yoxdur.

“Bütövlükdə götürdükdə, əmanətlər maliyyə imkanları baxımından əhəmiyyət daşıdığından portfelin dayanıqlılığını təmin etmək olduqca vacibdir. Çünki real sektorun kredit imkanlarının artmasından əlavə, bu günkü maliyyə şərtləri nəzərə alındıqda, insanlar sahib olduqları vəsaitlərdən depozit yolu ilə əlavə gəlir əldə etmək imkanına da malik olurlar”-deyən iqtisadçı bildirib ki, bu səbəbdən də, bu istiqamətdə davamlı sistemli addımların atılması ciddi əhəmiyyət kəsb edir.

Geri qayıt