Əsas Səhifə > Güney Press > İrəvan Bakıdan məktub gözləyir

İrəvan Bakıdan məktub gözləyir


Bu gün, 10:54
İrəvan Bakıdan məktub gözləyir
Ermənistanın sülh müqaviləsi ilə bağlı demaqogiyası, daha dəqiqi, az qala hər gün “razılaşdırılmış bəndlər əsasında sənədi imzalamağa hazırıq” deməklə özünü sülhpərvər, Azərbaycanı isə müharibə tərəfdarı kimi təqdim etmək taktikasının arxasındakı niyyət artıq məlumdur: kapitulyant tərəf vaxt uzatmaqla altdan-altdan silahlanmaq və havadarları hesabına revanşa hazırlaşmaq kursu götürüb. Bunu israrla dansa da. Doğrudur, Bakı sənəd layihəsinin 80%-nin razılaşdırıldığını bir neçə dəfə bəyan edib. Lakin onu da əlavə edib ki, ciddi siyasi və hüquqi sanbal daşımayacaq hansısa yarımçıq, simvolik sülh sənədinin də imzalanmasına qarşıdır. Çünki bu, iki qonşu ölkə arasında normal, siyasi-diplomatik əlaqələrin qurulmasına və yeni müharibə riskinin aradan qalxmasına gətirməyəcək. Azərbaycanın əsas şərti isə bəlli - Ermənistan konstitusiyası...

Bu arada, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan sülh sənədinin mətni ilə bağlı rəsmi Azərbaycandan cavab gözlədiklərini bildirib. Yada salaq ki, az öncə İrəvan 70 günlük fasilədən sonra redaktə olunmuş mətnin axırıncı variantını Bakıya göndərib. Ardınca məlum oldu ki, həmin mətndən böyük sülh anlaşması üçün çox vacib müddəalar çıxarılıb. Bəs tərəflər arasında sülh sənədinin mətni ətrafında illərdir gedən diplomatik yazışmanın davamı gələcəkmi? Bakının İrəvana cavabı nə olacaq - tamam, yoxsa davam?

“Paşinyan Əliyevin təzyiqi ilə növbəti güzəştlərə gedib və sülh müqaviləsinin digər bəndləri ətrafında da razılıq əldə olunub”. Ermənistanın “Hraparak” qəzeti belə yazıb. Qəzet qeyd edir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlaması Paşinyan hökumətinin Azərbaycanın bütün tələblərini qəbul etməsindən xəbər verir. Maraqlıdır ki, təxminən iki həftə əvvəl parlamentdə Nikol Paşinyan sazişin 17 bəndindən 13-ü ətrafında razılaşmadan danışaraq, razılaşdırılmış 13 bəndin dərci ilə bağlı diplomatik dürüstlük probleminin olduğunu deyib. Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komissiyasının sədri Sarkis Xandanyan dünən verdiyi müsahibədə bildirib ki, Paşinyan Əliyevə sülh müqaviləsinin razılaşdırılmamış 1-2 məsələsini razılaşdırmaq üçün xarici işlər nazirlərinin iki günlük görüşünü keçirməyi təklif edib. Ondan sonra ölkə liderləri müqaviləni Bakıda COP-29 başlamazdan əvvəl imzalayacaqlar. Yada salaq ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinin bu bəyanatlarından bir gün əvvəl Əliyev bir daha qismən razılaşdırılmış maddələri olan müqaviləni imzalamayacağı ilə hədələmişdi", - deyə qəzet bildirib.

Analitik Elxan Şahinoğluya görə, Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədəki konfransda çıxış edərkən “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq, 16 bəndin hamısı razılaşdırılıb” cümləsini işlətdikdən sonra bunun ardı gəlmədi, yəni baş nazir Nikol Paşinyanın spikerinin sözlərini təsdiq edən açıqlaması olmadı. Onun fikrincə, bundan iki nəticəyə gəlmək mümkündür: “Ya Ermənistan parlamentinin sədri açıqlamanı özbaşına verib, məqsədi beynəlxalq aləmin dəstəyini qazanmaq və ölkəsini sülhpərvər kimi göstərmək olub, ya da Alen Simonyan baş nazirinin tapşırığını yerinə yetirib. Əgər ikincidirsə, Nikol Paşinyan yaxın günlərdə bu məsələyə aydınlıq gətirməli, Azərbaycanın şərtlərini qəbul edib-etmədiyini açıqlamalıdır”.

Professor Qabil Hüseynli isə hesab edir ki, danışıqlara tamam yox, davam etmək lazımdır: “Bütün hallarda müzakirələr getməlidir. Ən azından ikitərəfli danışıqlar modeli özünü doğruldub. Hazırda pis-yaxşı bir etimad mühiti formalaşır. Ermənistanın ikibaşlı açıqlamalarına baxmayaraq, ən ləng danışıqlar belə gərginlikdən yaxşıdır. Çünki danışıqlar dalana dirənəndə üçüncü tərəflər bundan sui-istifadə edə, gərginlik yarada və eskalasiya həddinə çatdıra bilirlər. O nöqteyi-nəzərdən əlverişli görünməsə belə, elektron məktublaşma davam etməlidir. Fikrimcə, sülh müqaviləsinin imzalanması mümkündür. Sadəcə, bu tarix gec ola bilər. Əgər Ermənistan 2026-cı ildə referenduma gedəcəksə, deməli, ən azı yaxın 2 ildə sülh olmayacaq. Amma Paşinyanın bu yaxınlarda çıxışı oldu - Konstitusiya Məhkəməsi qərar versə ki, qanunvericilikdə sülh müqaviləsinə əngəl olan bənldər var, onu dəyişmək mümkündür. O zaman Paşinyan məhkəmə qarşısında bu prosesi sürətləndirsin”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə düşünür ki, hazırda həllini gözləyən əsas məsələ Ermənistan konstitusiyasına düzəlişdir. Onun fikrincə, sülh mətnində bütün bəndlər razılaşdırılmış ola bilər, amma qanunvericilikdə Azərbaycana qarşı ərazi iddiaları qalır: “Bu baxımdan Ermənistan bu tələbi yerinə yetirsin ki, sülh mətnindəki razılaşdırılan maddələr üzrə sənəd imzalansın. Çünki sülh müqaviləsi bağlanacaq, amma konstitusiyada ərazi tələbləri qalacaqsa, hansı sənədin ali olduğu mübahisəsi meydana çıxacaq. İrəvan blef edir ki, sülh sazişi qanunvericilik aktlarından üstün, mötəbərdir, amma bu, erməni hiyləsidir. Biz tarixə nəzərə salmalı və dərs çıxarmalıyıq, ermənilərlə işi görəndə möhkəm tutmaq lazımdır. Əgər Ermənistan ərazi iddialarına son qoyarsa, ardınca sənədlərin imzalanması ərəfəsində sülh mətni ictimaiyyətə açıqlanmalıdır, hər iki xalq tanış olmalıdırlar, ondan sonra qol çəkilə bilər. Yəni burada yeganə problem konstitusiyadır”.

musavat.com

Geri qayıt