Əsas Səhifə > Güney Press > Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar

Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar


Bu gün, 17:55
Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar
Jurnalist Esmira Cavadova öz feysbuk hesabında ağrılı bir paylaşım edib. O yazır: "Bununla neçənci dəfədir baş verir deyə, bu dəfə qərara gəldim ki, yazım. Məlum olduğu kimi, bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilir. Tofiq bəyin ailə üzvləri, xarici nümayəndələr, Əli Kərimli, Cəmil Həsənli ədəb-ərkanla dəvət olunur və zalda yerləşdirilir. Bundan sonra qapı arxasında gözləyən Tofiq Yaqublunun silahdaşları ilə jurnalistlər arasında binaya keçmək üstündə mücadilə başlayır. Bu mücadilədən qalib çıxansa dırnaqarası kişilər olur. Yekə-yekə, enli kürək müxalifətçi kişilər sırf Tofiq Yaqublu bunların məhkəməyə gəldiyini görsün deyə içəri soxulmaq üçün xanım jurnalistləri tapdalayıb kənara itələyir, özlərini binadan içəri soxur, bizə çatanda nəzarətçi zalda yer olmadığını bildirir və bu soyuqda xanım jurnalistlər yenə çöldə qalıb. Adama sual verərlər ki, oturub tamaşa elədin, bəs mən indi sənin vəhşiliyin sayəsində xəbər tuta bilmədiyim məhkəmədən na yazacam? Burdan deyirəm ki, ayıb olsun qıçı boyda qızları tapdalayıb keçən müxalifətçi kişilərə. Bunlar bir binaya girmək üçün özlərindən fiziki zəif qadınları tapdalayıb keçirlər, sabah hakimiyyətə gəlsələr, üstümüzdən tankla keçərlər".
Jurnalist şərhdə əlavə edib ki, bir dəfə həmin müxalifətçi kişilər onun ayağını əziblər, üç gün gəzə bilməyib.

Əslində "ədəb-ərkanla" zala dəvət olunan liderlər özlərindən də qabaq jurnalistləri düşünməliydilər. Bir də tərəfdarlarına deməliydilər ki, jurnalistləri əzməsinlər. Məhkəmə açıq keçirilirsə, bu "açıqlıq" orda nə qədər müxalifətçinin deyil, nə qədər jurnalistin iştirak etməsi ilə müəyyənləşir. Müxalifətçilər zala doluşub, məhkəmə prosesinə tamaşa edirlər. Ancaq bu məhkəməyə tamaşa etmək istəyən başqaları da var axı. Həm də zaldakılardan dəfələrlə çoxdurlar. Onlara isə bu tamaşanı jurnalist çəkib göstərəsidir. Ancaq, Esmira Cavadovanın yazdığına görə, "yekə-yekə enlikürək müxalifətçi kişilər" buna imkan vermir. O "yekə-yekə" kişilər içəriyə ona görə "soxulur" ki, birdən liderləri hakimiyyətə gəlsə, onlara "yekə-yekə" vəzifələr versinlər, bunlar da "yekə-yekə" kreslolarda oturub, "yekə" pullar qırsınlar. Belə bir perspektivi düşünənlərin o an gözü ayağının altını görmür, ona görə də qadın jurnalistlərin ayağını tapdalayıb əzirlər.

Başqa vaxt ölkədə jurnalistlərə, mediaya qarşı təzyiqlərdən danışırlar. Amma əməldə özləri də eyni cür hərəkət edirlər. Qızları, nəvələri yaşda xanım jurnalistləri tapdalayıb, üstündən xəyali hakimiyyət perspektivinə cumurlar. Amma bir az dərindən düşünsələr, bunu etməzlər.

Adam, istəmirsənmi, Tofiq Yaqublu sənin məhkəməyə gəldiyini görsün?! Qoy jurnalist səni çəkib göstərsin. Nə fərqi var, zalda oldun, ya bayırda. Onsuz da bir gün azadlığa çıxanda, Tofiq Yaqublu kimin məhkəməyə gəlib-gəlmədiyinə baxacaq. İstəsə, baxacaq, səni görmək istəməsə, istəyirsən, zalda otur, ya oturma, xeyri yoxdur.

Zəifləri, qadınları, jurnalistləri basıb əzib də... hakimiyyətə gələcəksənsə, deməli, onları hakimiyyətinlə daha çox əzəcəksən. Jurnalist də doğru deyir, bu gün ayağını tapdalayan, sabah üstündən tankla keçər.

Müxalifət ona görə müxalifətdir ki, iqtidardan fərqli olduğunu sübut eləsin. Sən deyirsən: "İqtidar bizi əzir". Amma elə özün də əzirsən. Həm də özününküləri. Sənin çağırışınla məhkəmə prosesinə gəlmiş jurnalisti tapdalayandan sonra hansı yüksək materiyadan danışırsan?! Nə danışırsan?!

Müxalifət olaraq seçkilərdə yoxsan, parlamentdə yoxsan, bələdiyyələrdə yoxsan, meydanlarda yoxsan. Heç bir yerdə yoxsan. Bircə xarici təşkilatların bəyanatlarında varsan, bir də məhkəmələrdə. Hakimiyyət güclüdür, anladıq. Səni sıxır, tutur, məhkum edir, onu da anladıq. Heç olmasa, harayına gələn jurnalistin ayağını əzmə...

Seyid Əhmədli, Bizimyol.info

Geri qayıt