Əsas Səhifə > Güney Press > VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var?

VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var?


Bu gün, 15:47
VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var?
“Vaşinqton Post” qəzetində növbəti anti-Azərbaycan xarakterli məqalə yayımlanıb. “Növbəti” deyirəm, çünki bu, ilk belə məqalə deyil: sözügedən qəzetdə tərəfli, sifarişli məqalələr tez-tez yayımlanır. Bunu artıq dünya ictimaiyyəti də bilir. Bəzən bu məqalələri yazan müəllif qeyd edilsə də, bir çox hallarda yazılmır, qəzetin ümumi fikri kimi təqdim edilir. Budəfəki anti-Azərbaycan xarakterli məqalə də eynilə belə oldu.

Məqalənin adı “Another major climate conference helps a despotic regime”dir. Tərcüməsi: “Başqa bir böyük iqlim konfransı despotik rejimə kömək edir”. Ümumi mənada məqalə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının, yəni COP-un demokratiyadan çox uzaq olan ölkələrdə keçirilməsini tənqid edir. Lakin məqalənin böyük hissəsi Azərbaycan Prezidenti İlham Əliyevi, ölkədəki siyasi vəziyyəti hədəf alıb. Əslində, məqalənin qərəzli, sifarişli olduğunu sübut edən başlıca fakt da elə budur. Bununla belə, məqaləyə göz gəzdirməkdə, qərəzi faktlarla sübut etməkdə fayda var.

Məqalədə qeyd edilir ki, Azərbaycan hərbi qüvvələri “Dağlıq Qarabağ”ı ələ keçirərək, etnik erməniləri qaçqın etdi. Bu da azmış kimi, məqalədə 23 tanınmış erməni “siyasi xadim”in Azərbaycanda həbsxanada saxlandığı qeyd edilib.

İstər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror tədbirləri başqa bir ölkənin ərazisində deyil, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində baş verib. Əməliyyatlarla bağlı görüntülər var. Həmin görüntülərdə ordumuzun hansı şəraitdə, necə yüksək peşəkarlıqla, ehtiyatla əməliyyat keçirdiyi aydın görünür. Xüsusilə lokal xarakterli antiterror əməliyyatları zamanı mülki şəxslərin həyatını itirməməsinə diqqət edilirdi.

Əməliyyatlardan sonra rəsmi Bakı reinteqrasiya prosesi elan etdi, vətəndaşlıq verilməsi ilə bağlı bütün imkanları yaratdı. Hətta Qarabağda yaşayan etnik ermənilərin qalması yönündə çağırışlar da etdi. Bununla belə, getmək istəyən ermənilərin ərazini təhlükəsiz şəkildə tərk etməsi üçün şərait yaradıldı. Bütün bu proseslərlə bağlı sübutlar, videokadrlar var.

Məqalədə qeyd edilən 23 “tanınmış” erməni “siyasi xadimi”n (əslində, 13 separatçı-terrorçu – red.) guya Azərbaycanda həbsxanada saxlanması məsələsinə gəldikdə isə bu şəxslər beynəlxalq hüquqa görə separatçıdır. Onlar özlərini Ermənistan deyil, qondarma “artsax” vətəndaşı hesab edirdi. Müqayisə üçün deyim ki, bu gün Fransa Korsika və Yeni Kaledoniyanın müstəqil şəxslərinə qarşı daha sərt tədbirlər görür, həbs edir, müəmmalı şəkildə aradan götürür. Misal üçün Korsikanın müstəqilliyini tələb edən İvan Kolonna 2022-ci il martın 2-də Fransanın Arles şəhərindəki həbsxanada başqa bir məhkumun hücumuna məruz qaldı və komaya düşdü. Bu hadisədən sonra adada geniş iğtişaşlar başladı, insanlara zor tətbiq edildi. Azərbaycan isə qeyd olunan separatçılarla bu cür rəftar etmir, onların ailə üzvləri ilə danışmasına icazə verir, beynəlxalq təşkilatların durumları ilə maraqlanmasına şərait yaradır.

Azərbaycanda həbsdə olan separatçı-terrorçular

Məqalədə daha bir gülünc məqam isə 60-a yaxın amerikalı konqresmen və senatorun ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət etməsi və Bakıda keçiriləcək COP29 tədbirinə qədər rəsmi Bakının “məsuliyyətə cəlb edilməsinə” çağırışdır. Məqalədə Qubad İbadoğlu, “Abzas media”, Azərbaycanda siyasi vəziyyət kimi məqamlar isə ümumiyyətlə bu yazının mahiyyətini açır.

Bunlar qeyd edilsə də Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik müddətindəki fəaliyyətlərə yer verilməyib. Halbuki bu, çox mühüm məqamdır. Pandemiyanın ən pik həddində məhz Prezident İlham Əliyev vaksin milliyyətçiliyini aktuallaşdırmış, vaksinasiyanın dünya üzrə qeyri-bərabər aparıldığını qeyd etmişdi. Məntiq etibarilə ilk olaraq Afrika, Asiya və Latın Amerikası ölkələrində icra edilməli olan bu proses ABŞ, Qərbi Avropada aparıldı.

Məqalədə COP29-un Azərbaycanda keçirilməməsi yönündə əsas arqumentlərdən biri də ölkəmizin neft, qaz ixrac edən ölkə olması göstərilir. Bu da çox absurd yanaşmadır. COP tədbirləri planetar səviyyədə problemlərin müzakirə edildiyi bir platformadır. Azərbaycanın neft, qaz ixrac etməsi bu tədbirə ev sahibliyi etməsinə maneə deyil. Çünki bu neft-qazı Avropa ölkələri alır. Digər tərəfdən, ABŞ özü də Avropaya neft, qaz ixrac edir. Vaşinqtonun sərfiyyatı Azərbaycandan bir neçə dəfə çoxdur.

Azərbaycanın neft, qaz ixracatçısı olmasını qabardan dairələr unudur ki, dünyaya neft və qazdan çox zərər verən AES-lərdir. AES-lərdən gələn təhlükənin böyük olmasına baxmayaraq, sayı ildən-ilə artmaqda davam edir. Xüsusilə kosmosun fəthi və dünya ağalığı uğrunda mübarizə aparan ölkələrin atom bombası hazırlaması AES-lərin artmasına səbəb olur.

İndi isə digər maraqlı bir faktı deyim. BMT-nin ilk İqlim Dəyişikliyi Konfransı 1995-ci ildə Berlində keçirilib. Almaniya dünyanın həm ən böyük neft, qaz idxalçılarındandır, həm də ölkədə birdən çox AES fəaliyyət göstərir. Ümumiyyətlə, bu günə qədər COP tədbirinə ev sahibliyi edən ölkələrə baxdıqda bu ölkələr ya neft, qaz ixracatçısı, ya alıcısı, ya da AES-ə sahib ölkələrdir.

Azərbaycanı təndiq edən “Vaşinqton Post” unudur ki, ABŞ dünyanın ikinci ən böyük nüvə silahına malik ölkəsidir. Həmçinin bu ölkə islamafobiya, irqi ayrı-seçkilik, mülki silahlanma kimi neqativ tendesiyalarda ön sıradadır.

Turan Rzayev
Globalinfo.az

Geri qayıt