Əsas Səhifə > Güney Press > Nəhəng şirkət terror təşkilatlarını maliyyələşdirib

Nəhəng şirkət terror təşkilatlarını maliyyələşdirib


Dünən, 16:25
Nəhəng şirkət terror təşkilatlarını maliyyələşdirib
Korrupsiyaya qarşı mübarizə aparan qeyri-hökumət təşkilatı “Sherpa” və Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi (AİHM) Fransanın sement nəhəngi “Lafarge” şirkətinin Suriyadakı fəaliyyəti çərçivəsində aparılan istintaqla bağlı birgə açıqlama yayıblar.

Reyting.az xəbər verir ki, “Lafarge” və şirkətin 4 keçmiş meneceri terror təşkilatını maliyyələşdirməkdə və Avropa İttifaqının (Aİ) bütün maliyyə əməliyyatlarını qadağan edən embarqosunu pozmaqda ittiham olunurlar.

Söhbət nəhəng sement şirkətinin İŞİD və “Nusra Cəbhəsi” terror təşkilatları ilə ticarət əlaqələrindən gedir. Bu səbəbdən “Lafarge” və onun dörd keçmiş rəhbəri Paris Apellyasiya Məhkəməsi qarşısında çıxış edəcəklər.

Sement şirkətinin Suriyadakı fəaliyyətləri çərçivəsində təhlükəsizliyə məsul olan iki keçmiş işçisi və bir suriyalı iş adamı da terror təşkilatını maliyyələşdirmək ittihamı ilə mühakimə olunacaqlar.

Qeyd edək ki, vaxtı ilə Türkiyə mediası Fransa şirkətinin Suriyada terroru dəstəklədiyinə dair dəqiq faktlara söykənən məqalələr yazıb. Məsələn, 7 sentyabr 2021-ci ildə “Anadolu” Agentliyi Fransanın “Lafarge” şirkətinin terror təşkilatı İŞİD-i maliyyələşdirdiyini sübut edən sənədlər yayıb və bu sənədlər geniş əks-səda doğurub.

Sənədlərə görə, “Lafarge” İŞİD terror təşkilatı ilə əlaqələri barədə Fransa kəşfiyyat orqanlarını daim məlumatlandırıb. Fransa kəşfiyyatı və dövlət qurumları “Lafarge”ni terroru maliyyələşdirməklə insanlığa qarşı cinayət törətdiyi barədə xəbərdarlıq etməyib və bu, gizli protokollarda etiraf olunmayıb. İŞİD isə “Lafarge”dən aldığı sementdən sığınacaq və tunellərin tikintisində istifadə edib.

Geri qayıt