Əsas Səhifə > Güney Press > Azərbaycana qarşı İKİLİ STANDART

Azərbaycana qarşı İKİLİ STANDART


15-10-2024, 11:17
Azərbaycana qarşı İKİLİ STANDART
Azərbaycanın həm Qərblə, həm də qonşu ölkələrlə eyni zamanda Rusiya Federasiyası ilə yaxın əlaqələri vardır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayından qurulmuşdur. Rusiya və Azərbaycan arasında hələ 1997-ci ilin iyun ayında qarşılıqlı dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə imzalanıb.

Rusiya Federasiyası Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edən ilk ölkələrdən oldu. 2022-ci ilin fevral ayında Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasına müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə qaldırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 8-də Moskvada rəsmi səfərdə olub və Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib. Azərbaycanın Dövlət Başçısı öz çıxışında vurğulayıb: “Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”.

Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş və 30 il işğal altında saxlamışdır. İşğal müddətində erməni vandalları yaşayış məntəqələrimizi dağıdaraq yerlə yeksan etmişlər. Yeraltı, yerüstü sərvətlərimizi talan edərək satmışlar. Tarixi, mədəni, dini abidələrimizi söküb dağıtmış, evləri meşələri yandırmışlar. Bir milyondan artıq soydaşlarımız öz doğma ev-eşiklərindən didərgin düşərək 30 il vətən həsrəti ilə ağır şəraitlərə dözərək o torpaqlara dönmək ümidilə yaşamışlar.

Laçın rayonu da işğal altında olan rayonlardan biri olaraq tamamilə dağıdılmışdır. Bu gün artıq digər işğaldan azad edilmiş ərazilərimiz kimi Laçın rayonunda da genişmiqyaslı tikinti-bərpa işləri görülür. Artıq dağlar qoynunda yeni həyat başlayır. Keçmiş məcburi köçkünlər sevinc göz yaşları ilə Laçına dönürlər.

Çox sevindirici bir haldır ki, Laçın şəhəri 2025-ci ildə Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Azərbaycan Prezidenti çıxışında İkinci Dünya Müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın rolundan da danışıb. Prezident qeyd edib ki, Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.

Bildiyimiz kimi İkinci Dünya Müharibəsi dövründə Bakıda 41 hərbi hospital fəaliyyət göstərib, 440 min yaralı müalicə alıb. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içiblər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırıblar.

Azərbaycanlılardan ibarət olan 416-cı atıcı diviziya 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olub. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancıblar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.

Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə Azərbaycana qarşı əsassız ittihamlar barədə danışıb. Cənab Prezident qeyd edib ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik.

Çox maraqlıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi zaman 1992-ci ildə Azərbaycana qarşı ittihamlar irəli sürülmüşdür. Guya Azərbaycan Ermənistanı blokadada saxlayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Bu nankorluqdur”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
diaaz.space

Geri qayıt