Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi mütləq açılacaq, AMMA...

Zəngəzur dəhlizi mütləq açılacaq, AMMA...


15-10-2024, 14:02
Zəngəzur dəhlizi mütləq açılacaq, AMMA...
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib ki, 10 noyabr üçtərəfli bəyannaməsində Rusiya Sərhəd Xidmətinin Ermənistan ərazisindən keçəcək yolda fiziki mövcudluğu nəzərdə tutulmayıb. Onun iddiasına görə, Ermənistan öz ərazisindən malların, nəqliyyat vasitələrinin və insanların keçidini özü təşkil edəcək. Badalyan əlavə edib ki, Ermənistan “Sülh qovşağı” layihəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün yol xəritəsini dəqiq ifadə edib və Azərbaycan tərəfinə təkliflər göndərib: “Üçtərəfli bəyannamədə faktiki olaraq nəzərdə tutulan regionun bütün nəqliyyat və iqtisadi infrastrukturlarının blokdan çıxarılmasında maraqlı olmaqla, biz Azərbaycana təklif vermişik və blokun açılması prosesinə bir gün əvvəl başlamağı təklif edirik”.
Ermənistan Baş naziri Nikol Paşinyan isə bəyan edib ki, Zəngəzur dəhlizində rus sərhədçilərin monitorinq aparmasına etiraz etmirlər. Qeyd edək ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu vurğulayıb ki, Türkiyə gələn il 224 kilometrlik hissənin çəkilişinə başlayacaq. Nazir deyib ki, İran məsələsində xeyli irəliləyiş var, son günlərdə Ermənistan tərəfində də inkişaf görünür. Son aylarda region ölkələrinin Zəngəzur dəhlizi ilə bağlı müzakirələri intensivləşib. Kremlin mətbuat katibi Dmitri Peskov da Zəngəzur dəhlizi mövzusunun Rusiya prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində müzakirə olunduğunu demişdi.

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 9-cu maddəsində açıq-aydın mətnlə yazılıb ki, Azərbaycanın Qərb rayonları ilə sərbəst hərəkətin təmin olunması nəzərdə tutulur. Professor vurğulayıb ki, Ermənistan bu bəyanata imza atıb:

"Ermənistan öz müstəqil qərar vermək iqtidarında deyil. Ona görə də kənardan təlimatlar əsasında mövqe sərgiləyir. Aydın görünən mövqe ondan ibarətdir ki, kənardan gələn təlimatla yaradılacaq dəhliz üzərində Rusiyanın hansısa iştirakı olmasın. Bunu dəfələrlə açıq formada Baş nazir Nikol Paşinyan da dilə gətirib. "Sülh qovşağı" haqqında danışan Paşinyan qeyd edib ki, hər bir ölkə öz ərazisindən keçən kommunikasiyalar üzərində suveren nəzarətə sahib olmalıdır. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması, iqtisadi layihələrin həyata keçirilməsi aktuallaşıb. Zəngəzur dəhlizinin açılması bütövlükdə regionun inkişafı, əlaqələrin qurulması üçün çox təsirli amildir. Gələcəkdə çox mühüm nəqliyyat kommunikasiyalarının vacib seqmenti rolunda çıxış edə bilər. Amma Ermənistan qətiyyətli iradə ortaya qoymaq imkanına sahib deyil. İrəvanın mövqeyi bölgədə planlaşdırılan geosiyasi mübarizənin ruhuna uyğundur. Yəni Qərb dairələri Ermənistanı bəlli mövqe sərgiləməyə vadar edir. O ki qaldı Rusiyanın dəhlizdə monitorinq aparmasına və bunun Paşinyan tərəfindən gündəmə gətirilməsi, məncə, bunu baş nazirin geri çəkilməsi kimi qəbul etmək lazımdır. Çünki təkzibolunmaz reallıq ondan ibarətdir ki, üçtərəfli bəyanatın 9-cu maddəsi ortadadır. Əgər Paşinyan başlanğıcda bu maddəni təkzib edirsə, onda gələcəkdə imza atacağı istənilən sənədi də təkzib edə bilər. Yəni Ermənistan haqqında belə bir ilkin qənaət formalaşar. Deməli, Ermənistan öz imzasına istənilən vaxt etinasız yanaşa bilər. Məsələnin digər tərəfi odur ki, Paşinyan bir yandan sülhdən danışır, digər yandan isə mövcud sənədin bəndlərini görməzdən gəlir, inkar edir".

E.Mirbəşiroğlu diqqətə çatdırıb ki, Qərb Ermənistana vəd etdiyi dəstəyi verə bilmir:
"Pandemiya dövründən ötən zaman ərzində Rusiya ilə ticarət dövriyyəsində ən geniş artım yaşayan ölkə məhz Ermənistandır. Bu, onu göstərir ki, Rusiya ilə əməkdaşlığın Ermənistan iqtisadiyyatına çox ciddi töhfəsi mövcuddur. Ermənistan bunu əvəzləyəcək imkanlara sahib deyil. Hərbi-texniki və təhlükəsizlik sahəsində Ermənistan Qərbə yönələ, onların institutlarına bel bağlaya bilər. Lakin məhz iqtisadi sahədə Avrasiya İqtisadi İttifaqının və MDB çərçivəsində əməkdaşlığın Qərb tərəfindən əvəzlənməsi imkanları çox məhduddur. Bu, təsirli amil rolunda çıxış edə bilər. Rusiyanın təsir imkanları kifayət qədər çoxdur. Ermənistan da bu reallığı nəzərə alır və əvvəlkindən fərqli, yumşaq mövqe sərgiləyir. Mahiyyət etibarı ilə Zəngəzur dəhlizi açılacaqsa, üçtərəfli bəyanatda nəzərdə tutulmuş şərtlər nəzərə alınacaq. Bu, İrəvan-Moskva münasibətlərinin və regionun gələcək durumu nəzərə alınaraq həyata keçiriləcək. Bakının mövqeyi odur ki, əldə olunmuş razılaşmaların şərtlərinə uyğun addımlar atılsın".

Geri qayıt