Əsas Səhifə > Güney Press > “Nadir şahın vəfatından sonra Azərbaycan heç bir zaman torpaq geri qaytara bilməmişdi”

“Nadir şahın vəfatından sonra Azərbaycan heç bir zaman torpaq geri qaytara bilməmişdi”


14-10-2024, 17:01
“Nadir şahın vəfatından sonra Azərbaycan heç bir zaman torpaq geri qaytara bilməmişdi”
“44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın qələbəsi deyil, həm də bütün dünyanın diqqətini Azərbaycana yönəldən bir hadisədir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.

Ölkəmizin Vətən müharibəsinə qədər tarixi keçmişinə nəzər salan deputat xatırladıb ki, Nadir şahın vəfatından sonra Azərbaycan heç bir zaman torpaq geri qaytara bilməyib. Deputat söyləyib ki, bu, ya düşmənin həddən çox güclü olmasından, ya da Azərbaycan tərəfinin bütün qüvvələri səfərbər edə bilməməsindən irəli gəlib:

“Xoşbəxtlikdən 44 günlük müharibəyə qədər Ali Baş Komandan İlham Əliyev bütün Azərbaycanı haqq yolunda mübarizədə dəmir yumruğa çevirə bildi. Birinci Qarabağ müharibəsində məğlubiyyət səbəbləri, eləcə də həmin müharibə dövründə və müharibədən sonra düşmən tərəfini müdafiə edən qüvvələr və havadarlarının hər biri təhlil olundu. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında bu müharibədə qələbə qazandı və öz haqq işini uğurla başa çatdırdı. Bu dövrdə xalq-dövlət birliyinin, tarixi həqiqətlərin fakt və sənədlərlə dünyaya çatdırılmasının, güclü iqtisadiyyatımızın mövcudluğunun nailiyyətlər qazanmağımızda böyük rolu oldu. 1994-cü ilin "Əsrin müqaviləsi" imzalanmasaydı, Azərbaycan öz neftini dünya bazarına çıxara bilməsəydi, təbii ki, ölkəmiz dünyanın ən müasir silahlarına sahib ola bilməzdi. Azərbaycan bunu da etdi”.

Ordumuzun keçirdiyi antiterror əməliyyatlarına nəzər salan A.İsgəndərov 2023-cü ilin sentyabr ayının da Azərbaycan üçün tarixi əhəmiyyətindən danışıb: “Hamımıza məlumdur ki, 1923-cü ilin iyulunda Sovet rəhbərliyinin təşkilatçılığı ilə Azərbaycanın Qarabağ torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu qurum yarandığı gündən separatçı mövqeyi ilə diqqəti cəlb etdi. Azərbaycandan ayrılıb Ermənistana birləşmək üçün bu qurumun rəhbərliyi vaxtaşırı Azərbaycan hakimiyyətinə qarşı çıxırdı. Növbəti belə bir hadisə də 80-ci illərin sonu 90-cı illərin əvvəllərində baş verdi və bunlar da nəinki Qarabağı, hətta ətraf əraziləri, yəni Şərqi Zəngəzur torpqalarını da Azərbaycandan ayırdılar. Beləliklə, torpaqlarımızın 20%-ni işğal etdilər. Tarixi, dini və mədəni abidələrimiz, ümumiyyətlə azərbaycanlılar yaşayan bütün yaşayış məskənləri yerlə-yeksan edildi. Məhz 100 il sonra 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə düşmənin son istinadgahı - separatçı yuvaları darmadağın edildi, torpaqlarımızda yuva qurmuş qanunsuz silahlı birləşmələrin üzvləri tərk-silah edildi. Beləliklə, ərazilərimiz terrorçulardan təmizləndi və Azərbaycanın suverenliyi bərpa edildi. Bu, təbii ki, Azərbaycan xalqının qələbəsidir, Ali Baş Komandanın böyük uğurudur”.

Azərbaycanın öz tarixi torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyini vurğulayan deputat bildirib ki, bu gün həmin ərazilərdə yeni şəhərlər, qəsəbələr salınır, məktəblər və uşaq bağçaları tikilir.

A.İsgəndərov söyləyib ki, dörd il əvvələ qədər düşmən tərəfindən yerlə-yeksan edilmiş yerlər indi dirçəlir və oraya həyat qayıdır: “Bərpa və quruculuq işləri o qədər böyük sənətkarlıq və zövqlə həyata keçirilir ki, valeh olmamaq mümkün deyil. Düşmən tərəfindən darmadağın edilən Laçının kəndlərində - Zabux və Susda valehedici bir dərəcədə təmir, bərpa və quruculuq işləri gerçəkləşib. Xüsusən 2025-ci ildə Laçın Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı elan olunub. MDB-nin mədəniyyət paytaxtı olmaq o deməkdir ki, artıq o, istənilən bir şəhərlə rəqabət apara, gözəlliyi ilə diqqəti cəlb edə bilir. Orada doğulub boya-başa çatan insanlar bu əraziyə, ev-eşiklərinə qayıdırlar. Onlar da bərpa və quruculuq işləri ilə məşğul olurlar. Ümumilikdə, qeyd etdiyim kimi, azad edilmiş bütün ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir”.


Geri qayıt