Əsas Səhifə > Güney Press > Azad Füzuli sürətlə bərpa edilir

Azad Füzuli sürətlə bərpa edilir


14-10-2024, 09:23
Azad Füzuli sürətlə bərpa edilir
30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan
tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini
göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə
məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən düşmən tərəfə 2016-cı ilin
“Aprel dərsi”ndən düzgün nəticə çıxarmağı xatırlatmışdı. O bildirmişdi ki:
“Azərbaycan inkişaf edəcək və biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!”
2020-ci ildə 44 günlük Vətən müharibəsində həmin şərəfli günün
şahidinə çevrildik. Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz
sahiblərinə qayitdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən
biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin
nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş
Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.
Dünya üçün maraqlı görünən Azıx mağarası insanlara uzun müddət
vahiməli, əjdahaların və digər sehrli canlıların yaşadığı yer kimi görünüb.
Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdi ki, o, ən azı,
350-400 min illik bir dövrü əhatə edir. Füzulidə Əcəmi memarlıq məktəbinin
təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də vardı.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq
və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama
məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu,
texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey,
stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var
idi. Birinci Qarabağ döyüşlərində 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin
vermiş Füzulidə bu gün 1500-dən çox əlil və şikəst var. 27 il öncə itkin
düşmüş, girov götürülmüş 113 füzulilidən hələ də soraq yoxdur. Erməni
təcavüzü nəticəsində Füzulidə dünyaya gələn uşaqlardan 36361 nəfəri
zərər çəkib ki, onlardan 155-i atasız, anasız qalıb.
Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan idi.
Ulu Öndər Heydər Əliyevin bir çağırışı ilə 1994-cü ildə Füzuli rayonunun
müəyyən hissəsi, sonradan isə Lələtəpə yüksəkliyi, Cəbrayılın Cocuq
Mərcanlı kəndi, daha sonra 44 günlük Vətən müharibəsində qazanılan
qələbə!
İndi Füzuli yenidən qurulur. 2020-ci il noyabrın 16-da Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad
olunan Füzuli rayonunda olublar. Prezident tərəfindən əvvəlcə Füzuli
şəhərində Azərbaycan bayrağı qaldırılıb. Sonradan Füzuli-Şuşa avtomobil
yolunun – Zəfər yolunun təməli qoyuldu.
Ölkə rəhbərinin Füzuliyə səfərləri çərçivəsində Füzuli Beynəlxalq
Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut
avtomobil yolunun təməli qoyulub. Prezident “Füzuli” yarımstansiyasının
açılışını edib və Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış
olub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilib və sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli
şəhəri günü kimi müəyyən olunub. Ötən il ilk dəfə bu əlamərdar günü
fizulilər öz doğma yurdlarında qeyd ediblər.
Bu gün Füzulidəki bərpa-tikinti işləri yüksək sürətlə davam edir. Çox
keçməz ki, bu diyarımız cənnət məkana çevrilər. Artıq ölkəmizin müxtəlif
yerlərində məskunlaşmış məcburu köçkünlərin Füzuliyə qayıdışına
başlanılıb. sentyabr ayında işğaldan azad edilmiş Füzulidə 31 ildən sonra 8
nəfər XI sinif şagirdi üçün “Son zəng” keçirilib. Tədbir Füzuli şəhəri Mirzə
Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
diaaz.space

Geri qayıt