Əsas Səhifə > Güney Press > Ermənilərə Laçın "dağı":

Ermənilərə Laçın "dağı":


Bu gün, 17:33
Ermənilərə Laçın "dağı":
Xəbər verdiyimiz kimi, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.

Prezident İlham Əliyev cari ilin 8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı da bu barədə danışıb:

“Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Dövlətimizin başçısı vurğulayıb ki, artıq Laçında yeni həyat başlayıb:

“Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin Humanitar Əməkdaşlıq Şurası tərəfindən Laçının mədəniyyət paytaxtı elan edilməsi çox əhəmiyyətli hadisədir.

Bu, ölkəmizin ərazi bütünlüyünə MDB-dən göstərilən xoş münasibət, Azərbaycan diplomatiyasının qələbəsi və Ermənistanın isə növbəti məğlubiyyəti kimi qiymətləndirilir.

Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması çox əhəmiyyətli tarixi-siyasi hadisədir:

“Biz bununla Laçın şəhərinin əvvəl və indi hansı vəziyyətdə olduğunu bir daha MDB ölkələrinin, eləcə də dünya dövlətlərinin diqqətinə çatdıracağıq. Laçın başda olmaqla, işğaldan azad olunan torpaqlarımızın hansı məşəqqətdən keçdiyini beynəlxalq aləmə göstərmək üçün də olduqca önəmlidir.

Nəzərə almaq lazımdır ki, ermənilər Laçını işğal altında saxladıqları illərdə darmadağın etmişdilər. Biz isə işğaldan azad etdikdən sonra Laçını yenidən qururuq. Şəhərdəki quruculuq işləri surətlə davam etdirilir.

Artıq laçınlı məcburi köçkünlər öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Bütün bunların hamısı tarixi əhəmiyyətə malikdir.

Belə vasitələrlə də dünyanın reallıqları dünyaya nümayiş etdirə bilərik.

Bütün dünyaya bir daha göstərəcəyik ki, Laçın Azərbaycandır, Qarabağ Azərbaycandır! Bundan sonra Laçının və Qarabağın Azərbaycan torpağı olduğunu heç kim dana bilməz”.

Geri qayıt