Əsas Səhifə > Güney Press > “İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır”

“İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır”


Bu gün, 14:02
“İstəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır”
Milli Məclisin 43 deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət ediblər ki, Azərbaycan Xarici İşlər Nazirliyini ABŞ ilə münasibətlərə yenidən baxsın. Millət vəkilləri nazirə məktublarında müdafiə sahəsində əməkdaşlığı dayandırmaq və USAID-in Azərbaycandakı fəaliyyətinə son qoymağı təklif ediblər.

Dünən Milli Məclisin plenar iclasında da deputatlar ABŞ-ın Azərbaycana qarşı siyasətini qərəzli adlandırıb və münasibətlərin gözdən keçirilməsinin vacibliyinə toxunublar. Azərbaycanlı parlamentarilər hesab edirlər ki, ABŞ Konqresinin və Dövlət Departamentinin siyasəti Azərbaycan əleyhinədir və bu, qəbuledilməzdir.

Qeyd edək ki, Bakı ilə Vaşinqton arasında gərginlik son vaxtlar bir qrup ABŞ konqresmeninin Azərbaycandakı insan haqlarının vəziyyətini tənqid edən və dövlət katibi Antoni Blinkeni “bütün siyasi məhbusların, etnik ermənilər də daxil olmaqla girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün təzyiq göstərməyə” çağıran dövlət katibinə məktubundan sonra artıb.

Azərbaycan Prezident İlham Əliyev ötən həftə bu iddiaları rədd edib və məktubun Dövlət Departamentinın özünün hazırladığını deyib. Ölkə başçısı bununla da ABŞ-ı Azərbaycana təzyiq etməkdə ittiham edib.

XİN başçısına ünvanlanan məktuba imza atan deputatlardan biri olan Rasim Musabəyov məsələni AYNA-ya müsahibəsində şərh edib. Millət vəkili deyib ki, vaxtilə ABŞ Azərbaycana qarşı “907-ci düzəliş” qəbul edib:

- Bu, tamamilə ədalətsiz qərar idi. Ona görə ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmişdi, yüz minlərlə azərbaycanlı keçmiş Dağlıq Qarabağ və ətraf rayonlardan qovulmuşdu, qaçqın düşmüşdü. Buna baxmayaraq, ABŞ ədalətsiz şəkildə “907-ci düzəliş”i qəbul etdi ki, bunun da mahiyyəti ondan ibarət idi ki, Azərbaycana Ağ Ev adminstrasiyasından heç bir yardım edilə bilməz. Guya ki, Azərbaycan Dağlıq Qarabağdakı erməniləri blokadada saxlayırmışıq. Halbuki blokadada olan Naxçıvan idi. 1990-cı ildə ABŞ-ın qəbul etdiyi bu qərar sonradan özü üçün müəyyən dövrlərdə məhdudiyyətlər yaratdı. Amerikanın Əfqanıstandakı əməliyyatı zamanı tranzit Türkiyə-Gürcüstan-Azərbaycan və Xəzər dənizi üzərindən keçməli idi və bu, ABŞ üçün olduqca vaccib idi.

- Bundan sonra hər il “907-ci düzəliş” donduruldu...

- Bəli, donduruldu. Axı bu, ABŞ-ın özünün əleyhinə işləyirdi. Amma bir məsələ də var, tranziti həyata keçirmək üçün Azərbaycanın aerodromları Amerikanın istifadəsi üçün standartlara uyğun olmalı idi. Məsələn, naviqasiya ilə bağlı müasir avadanlıqlar lazım idi, onun istifadəsi ilə bağlı təlimlər keçirilməli idi. Eyni zamanda, Azərbaycanın öz sərhədlərinə, hava məkanına, su sərhədlərinə nəzarəti olmalı idi, təhlükəsizlik təmin edilməli idi. ABŞ da bununla bağlı texniki yardım etməli idi ki, ona görə də “907-ci düzəliş” donduruldu. Lakin bu, ləğv edilmədi. Amerikalılar Əfqanıstandan çıxdı və yenidən “907-ci düzəliş” gündəmə gətirildi. Hər il ABŞ Prezidentinin göstərişi ilə dondurulan “907-ci düzəliş” bu dəfə dondurulmadı və Azərbaycana hərbi-texniki yardımlar dayandırıldı. Biz də Vaşinqtona deyirik ki, qarşılıqlı əməkdaşlıq haqqında öhdəliklər var ki, onlar daha Azərbaycan tərəfindən təmin olunmayacaq. Deputatların XİN başçısına müraciəti də buna əsasəndir və hesab edirəm ki, burada qeyri-adi nəsə yoxdur.

- Amma Dövlət Departamentinin sözçüsü bildirib ki, "Birləşmiş Ştatlar Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir"...

- ABŞ-ın Azərbaycana ehtiyacı var axı. Təxminən bir ay əvvəl Pentaqonun Kəşfiyyat İdarəsinin rəisi Bakıya gəlmişdi. Onların Azərbaycandan müəyyən istəkləri var və bu, məlumdur. Lakin bu istəkləri müqabilində ABŞ özünü adekvat aparmalıdır. Belə olmasa, həmin müqavilələrə yenidən baxılması, dəyişdirilməsi, yaxud da ləğvi gündəmə gəlir ki, bir az ayılsınlar. Bilirsiniz, iki dövlətin bir-birinə ehtiyacı qarşılıqlıdır. Onların Azərbaycana ehtiyacları varsa, münasibətləri düzgün qiymətləndirməlidirlər. Əks halda, təbii ki, Azərbaycanın adekvat davranışı ilə rastlaşacaqlar və buna bizim haqqımız çatır.

- ABŞ konqresmenləri Qarabağ ermənilərinin “hüquqları” məsələsini gündəmə gətirirlər. Ümumiyyətlə, Ermənistana və ermənilərə bu sevgi nədən qaynaqlanır?

- Bu, sevgi deyil, istifadə etməkdir. Məlumdur ki, Birinci Dünya müharibəsi zamanı Antantaya daxil olan dövlətlər ermənilərə müxtəlif vədlər veriblər ki, Osmanlıya qarşı xəyanət etsinlər, Osmanlını arxadan xəncərləsinlər, üsyan qaldırsınlar və s. Guya ki, bu fitnəni törədəcəkləri təqdirdə ermənilərin arxasında dayanacaqdılar. Amma sonra nə oldu, həmin güclər ermənilərin arxasında dayanmadılar. Fransızlar da ermənilərə necə deyərlər, “atdı”, ABŞ da “atdı”. Hesab edirəm ki, indi də həmin proses gedir. Ermənistanı fitnə törətməyə sövq edirlər və onlara nələrsə vəd edirlər. Amma hər dəfə bu planları Azərbaycan pozur. Bu isə həmin beynəlxalq gücləri qıcıqlandırır, özlərindən çıxarır. Əmin idilər ki, Azərbaycanı addım-addım təslimçi sülhə apara biləcəklər. Amma bunu bacarmadılar, Azərbaycan bütün planları alt-üst etdi. Axı bu qüvvələr ermənilərə vədlər veriblər, amma bu vədləri yerinə yetirə bilmirlər. Bu səbəbdən də Azərbaycana qarşı sanksiyalar gündəmə gətirilir, insan hüquqları məsələsini bəhanə edirlər.

- Ceyhun Bayramova sizin də imza atdığınız deputatların müraciəti Amerika ilə münasibətləri tamamilə bitirmək istəyidir?

- Əlbəttə ki, yox. Bizim müraciətimiz heç də ABŞ-la bütün münasibətlərin üzərindən xətt çəkmək üçün deyil. ABŞ-dakı erməni lobbisi Dövlət Departamenti və Konqresdə kök salıb. Azərbaycanı isə hər zaman dəstəkləyən Pentaqondur, Mərkəzi Kəşfiyyat İdarəsidir, Energetika Nazirliyi və müəyyən mənada Maliyyə Nazirliyi olub. Amma nəzərə almaq lazımdır ki, Dövlət Departamenti və Konqres hər zaman üzdədirlər, publik siyasət aparırlar. Bizim müraciətimiz isə əslində ona yönəlib ki, Azərbaycanla əməkdaşlıqda maraqlı olan Pentaqon, Energetika Nazirliyi, Maliyyə Nazirliyi hərəkətə gəlsinlər. Əgər Pentaqona, Mərkəzi Kəşfiyyat İdarəsinə Azərbaycan lazımdırsa, zəhmət çəksinlər mövqelərini bildirsinlər. Onlar anlamalıdırlar ki, Ermənistandan qazancları olmayacaq, amma Azərbaycanı itirəcəklər.

Geri qayıt