Əsas Səhifə > Güney Press > Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq

Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq


Bu gün, 14:00
Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq
Son illərdə ABŞ-nin Cənubi Qafqazdakı siyasəti ciddi suallar doğurur və geniş tənqidlərə məruz qalır. Ermənistanın açıq şəkildə dəstəklənməsi, Azərbaycan və Gürcüstana qarşı təzyiq vasitələrinin tətbiqinin Vaşinqtonun gözlədiyi nəticələri verməyəcəyi güman edilir. İctimaiyyətin fikrincə, əksinə, bu siyasət Cənubi Qafqazda sülh və sabitliyin pozulmasına, yeni gərginliklərin yaranmasına səbəb olacaq və ABŞ-nin regiondakı maraqlarına zidd nəticələr doğuracaq.
Əslində, ABŞ-nin Cənubi Qafqazda buraxdığı ən böyük strateji səhvlərdən biri, Ermənistanın müstəsna şəkildə dəstəklənməsidir. Bu, birtərəfli yanaşma, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra daha da aşkar oldu. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, Vaşinqtonun Ermənistanın revanşist mövqeyini dəstəkləməsi bölgədə mövcud qüvvələr balansını pozur və sülh prosesinə mənfi təsir göstərir.
ABŞ-nin Azərbaycana qarşı siyasətinin əsas problemi isə Bakının müstəqil, çoxvektorlu xarici siyasətinə təzyiq göstərməkdir. Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyətə malik əsas oyunçu kimi, Rusiya və Qərb arasında balanslı münasibətlər saxlayır, həm regional, həm də beynəlxalq səhnədə öz maraqlarını qorumaqda israrlıdır. ABŞ-nin Azərbaycanı birtərəfli şəkildə təsir altına almaq cəhdləri isə Bakının Qərblə əməkdaşlıq potensialına mənfi təsir göstərir.
Amerikanın Gürcüstana qarşı təzyiqləri də Cənubi Qafqazda balansı təmin etmək üçün yetərsiz və ziddiyyətli yanaşmalarla müşayiət olunur. Vaşinqtonun Tbilisiyə xarici siyasi kursunu daha aydın şəkildə müəyyənləşdirmək üçün etdiyi təzyiqlər yalnız daxili siyasi gərginliyi artırır və Rusiya ilə münasibətlərin tarazlaşdırılmasını çətinləşdirir.
ABŞ-nin Cənubi Qafqaz siyasətini “Sherg.az"a şərh edən siyasi şərhçi Azər Niftiyev ABŞ-nin Azərbaycana olan münasibətinin anlaşılan olmadığını deyib. Onn sözlərinə görə, Ermənistanın regionda dominant mövqeyə malik olmasına ABŞ-nin səmimi inamı regionun geosiyasi həqiqətlərinə tamamilə ziddir:

“Əksinə, bu mövqe, Ermənistanın təhlükəsizlik və sabitlik problemlərini daha da dərinləşdirir, Ermənistan rəhbərliyini isə real həll yolları tapmaq əvəzinə, revanşist siyasətlərə meyilləndirir. Ötən ilin sonuna doğru Amerika Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin dövlət katibi Blinkenə müraciət edərək, "Dağlıq Qarabağda etnik təmizləməyə" görə Azərbaycan hakimiyyətinə qarşı tədbirlər görməyə səslədi.
Üzərindən 10 ay sonra isə bir qrup ABŞ senatoru və konqresmen oxşar məzmunlu müraciətlə ABŞ dövlət katibi Blinkenə müraciət ünvanlayıblar.
Onlar Azərbaycanda "siyasi məhbusların", eləcə də "erməni siyasi məhbuslar"ın olduğunu iddia edərək, Ağ Evdən konkret addımlar atmağı tələb edirlər.
Heç şübhəsiz, "siyasi məhbus" mövzusu bəhanədir və əsas məqsəd Azərbaycanı Ermənistanla ABŞ-nin maraqlarına uyğun sülh müqaviləsini imzalamağa təhrik etmək, Qərbin Cənubi Qafqazı öz nəzarətinə götürməsinə nail olmaqdır.
Ermənistanı "sülh carçısı", Azərbaycanı isə guya ki, sülhə qarşı çıxan dövlət olaraq təqdim etmək, ona qarşı qarayaxma kampaniyası da əslində, məhz bu niyyətə xidmət edir. Hansı ki, 30 illik işğal və terror dövründə ABŞ tərəfindən Ermənistana qarşı bircə dəfə belə bir addım atılmadı”.
A.Niftiyevin sözlərinə görə, ABŞ başda olmaqla Qərb dairələri tarixi Zəfərimizi həzm edə bilmir, yeni regional reallıqla barışmırlar. Habelə Azərbaycanın ərazi bütövlüyü mövzusunda barışmaz və prinsipial mövqeyi okeanın o tayındakı Qərb başbilənlərinin yuxusunu ərşə çəkir:
“ABŞ Xarici Siyasət İdarəsi rəhbəri Antoni Blinkenin məktuba verəcəyi reaksiya maraq doğursa da, heç şübhəsiz, "kollektiv məktub" ssenarisinin də Ağ Ev mətbəxlərində hazırlandığı şübhə doğurmur. Seçki öncəsi Baydeni yarışmadan geri çəkən "Demokrat" düşərgə noyabr seçkisində erməni lobbisinə bağlı səsləri əldə etmək niyyətindədir və ölkəmizə qarşı təzyiqlərin əsas səbəblərindən biri də budur.
Burada ən vacib səbəblərdən biri isə Azərbaycanı müstəqil xarici siyasət kursundan yayındırmaqdır. Ermənistanı və qismən də Gürcüstanı nəzarətinə alan Qərb Azərbaycanı da özünə tabe etdirmək və bu yolla Rusiyanı daha da zəiflətmək niyyəti güdür. Şübhəsiz ki, Azərbaycan Ermənistandan fərqli olaraq rupor ölkə deyil və olmayacaq. Bunu Qərbdə də anlayırlar və dövlətimizə qarşı hücumlar da bu ssenarinin qəti müzakirə mövzusu olmayacağını anlamalarından qaynaqlanır”.

Geri qayıt