Əsas Səhifə > Güney Press > Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum

Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum


Bu gün, 09:58
Ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum
Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Belə ki, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manata qaldırılır.
Eyni zamanda bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən bir il ərzində təkrar törədilməsinə görə 700 manat cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında, bu istiqamətdə cərimələrin artırılmasını normal hesab edib: "Siqaret kötüklərini yerə atanların, ümumiyyətlə, hansısa bir şəkildə ekoloji həssaslığı olmayan təbəqənin cəzalandırılması istiqamətində addımlar atılır və bunlar normal qəbul edilməlidir. Dünən maşınla yol gedərkən ən az 6 maşından siqaret kötüyünün yola atıldığının şahidi oldum. Yəni adamda məsuliyyət hissi yoxdur ki, siqaret kötüyünü rahatlıqla yola ata bilir".
"Təbliğat məsələsi gücləndirilməlidir"
Deputat diqqətə çatdırıb ki, cərimənin artırılmasından öncə tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması ilə bağlı təbliğat gücləndirilməlidir: "Məqsədimiz bu insanları müəyyən dərəcədə həmin əməllərdən çəkindirməkdirsə, biz niyə bunu etməyək? O baxımdan təbliğat məsələsinə daha çox diqqət yetirilməsi vacibdir. Hər halda bu məsələlər ətrafında müəyyən narazılıq elementləri olarsa belə, vətəndaşların sağlamlığı, ekoloji təmizlik daha vacib məsələdir. Yəni bu, əlahiddə bir şey, yemək deyil ki, yeməsən olmayacaq".
"Tullantıların ətraf mühitə atılmaması mədəni davranışdır. Artıq bu mədəni davranışla müəyyən dərəcədə ayaqlaşmaq lazımdır. Bu mədəniyyət aşağıdırsa, ən azından başqa insanlara ziyan vurmamaq ilə bağlı addımlar atılmalıdır" - deputat əlavə edib.
Milli Məclisin komitəsində bu məsələ müzakirə edilib
Qeyd edək ki, keçən həftə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş iclası keçirilib. Komitənin üzvü Kamal Cəfərov "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsini təqdim edib. Diqqətə çatdırıb ki, qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə, tullantıların idarə olunması sahəsində qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətin artırılmasını nəzərdə tutur. Layihədə tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsinə görə, habelə həmin məmulatların tullantılarının ətraf mühitə təkrar atılmasına görə tətbiq edilən sanksiyalarda müəyyən dəyişikliklər edilir.
Tütün çəkilməsinə icazə verilməyən yerlər...
Xatırladaq ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
Qanuna əsasən, tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:
-təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;
-tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;
-idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;
-restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
-ticarət obyektlərində;
-məişət obyektlərində;
-sosial xidmət müəssisələrində;
-yerləşdirmə vasitələrində;
-teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;
-uşaq meydançalarında;
-yerüstü qapalı və yeraltı piyada keçidlərində;
-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;
-metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;
-hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;
-hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;
-liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;
-taksafonlarda;
-yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;
-mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.
Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər. Bu qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Daxili İşlər Nazirliyi "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını diqqət mərkəzində saxlayır. Respublikanın şəhər, rayon polis orqanları aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparır.
Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Ötən gün Milli Məclis sözügedən dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Geri qayıt