Əsas Səhifə > Güney Press > “Paşinyan iki stulda otura bilmir, ona görə də...”

“Paşinyan iki stulda otura bilmir, ona görə də...”


8-10-2024, 17:45
“Paşinyan iki stulda otura bilmir, ona görə də...”
“Ermənistanın MDB Xarici İşlər Nazirləri Şurasının iki bəyanatına qoşulmamaq qərarı demarş kimi qiymətləndirilməməlidir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Stepan Danielyan deyib.

“Mən bunu demarş hesab etmirəm. Demarş etmək üçün ilk növbədə özünüzdən nəsə təmsil etməlisiniz. Bu addım vektorun və xarici siyasət təlimatlarının olmamasının sübutudur. Bu, iki stulda oturmaq cəhdidir, daha doğrusu, heç bir stulda oturmamaq, ayaq üstə qalmaq cəhdidir”, - deyə o bildirib.

Hər iki bəyanatın təhlükəsizlik məsələlərinə aid olduğunu xatırladan Danielyan Ermənistanın özünün təhlükəsizliklə bağlı çətin vəziyyətə düşdüyünü qeyd edib:

“Belə ki, rəsmi İrəvan KTMT-də iştirakını dondurub, NATO ilə anlaşılmaz təlimlər keçirir, lakin ABŞ və Aİ yekdilliklə Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcəklərini vurğulayırlar.

Hazırda Ermənistan mahiyyətcə heç bir blokda deyil və təhlükəsizlik sistemi olmayan ölkəyə çevrilib. İndiki hakimiyyət isə bu sistemin olmamasını böyük nailiyyət hesab edir. Onların fikrincə, “tükdən asılı qalmaq” suverenliyin ən yüksək təzahürüdür”.

Xatırladaq ki, bir gün əvvəl Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iki bəyanatına qoşulmayıb. Xüsusilə, Ermənistan “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlı bəyanatlara imza atmayıb.

Geri qayıt