Əsas Səhifə > Güney Press > Mərc oyunlarının tələsinə düşən gənclər...

Mərc oyunlarının tələsinə düşən gənclər...


8-10-2024, 16:34
Mərc oyunlarının tələsinə düşən gənclər...
Son zamanlar sosial şəbəkələrdə müxtəlif cəlbedici qumar oyunlarının reklamları ilə qarşılaşırıq. Məsələn; biri lüks avtomobilində əyləşib, avtomobilini oyunda udduğu pulla aldığını deyir. Digəri hesabının necə artdığını göstərir. Bu reklamlara inanan gənclər də sonradan külli miqdarda borca düşüb, ən son çıxış yolunu intiharda görürlər. Məsələn; ötən ay itkin düşən Siyəzən rayon sakini 22 yaşlı Mahmud Məlikov evdən namaz qılmaq adı ilə çıxsa da, geri qayıtmamışdı. Mahmudun atası yerli mətbuata açıqlamasında bildirmişdi, oğlu internet üzərindən qumar oyunlarına qurşanıbmış. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar. Bu günlərdə itkin düşən gəncin meyidi tapılıb. Bu oyunların Mahmud kimi yüzlərlə aludəçisi var. Nəticə, göz qabağındadır…

Bəs niyə bu qumar oyunları yığışdırılmır? Qanunvericilik bununla bağlı nə deyir?
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının ərazisində mərc oyunlarının təşkili lisenziyalaşdırılmış bir fəaliyyətdir. Bununla bağlı Azərbaycan Respublikasında iki qanun var, həmin qanunlara əsasən bu fəaliyyət tənzimlənib.

“Bunlar “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunu və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunudur ki, bu qanunda nəzərdə tutulmuş qaydalara riayət edilməklə və lisenziya almaqla idman mərc oyunlarının keçirilməsi yol veriləndir və buna dövlət legitim haqq qazandırır”-deyə hüquqşünas bildirib.

Qanunsuz qumar oyunlarının keçirilməsi və təşkilinə gəldikdə, hüquqşünas qeyd edib ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə tənzimlənir. Belə oyunlarının keçirilməsi üçün yer təşkil etmək və ya saxlamağa görə, bunu təşkil edən şəxsə qarşı 5 min manatdan 10 min manata qədər miqdarda cərimə və ya 2 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası ilə təyin edilir.

Hüquqşünas qeyd edib ki, onlayn qaydada yəni internet informasiya ehtiyatları və internet telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə buna görə 10 min manatdan 15 min manata qədər cərimə və ya 2 ildən-3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır: “Qeyd edim ki, bu qumar oyunlarının nəticəsində uduzmuş şəxs əgər özünü öldürərsə, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılır və araşdırma aparılır.

Mən bir hüquqşünas kimi tövsiyə edərəm ki, mərc oyunlarından hər kəs uzaq dursun. Bilsinlər ki, bunun mənfi nəticələri daha çoxdur”-deyə hüquqşünas əlavə edib.

Xatırladaq ki, ümumiyyətlə qumar oyunu dedikdə, pul vəsaitlərinin, maddi vəsaitlərin qeyri-müəyyənlik və ya təsadüfdən asılı olaraq, qazanılması nəticəsində təşkil olunan oyunlar nəzərdə tutulur.

Geri qayıt