Əsas Səhifə > Güney Press > “İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, çox incidi və Azərbaycanı tərk etdi”

“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, çox incidi və Azərbaycanı tərk etdi”


8-10-2024, 15:17
“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, çox incidi və Azərbaycanı tərk etdi”
“1984-cü ildə “Azərbaycanfilm” kinostudiyasında bir film çəkilirdi. Mən o filmin adını demək istəmirəm. Çünki filmi çox hörmətli rejissorlardan biri lentə alırdı, rəhmətə gedib artıq. Etik nöqteyi nəzərdən həmin rejissorun adını hallandırmaq istəmirəm. O kişinin heç bir günahı yoxdur. Günah filmin inzibatçılarında idi. Onların laqeyd və məsuliyyətsiz hərəkətlərinə görə İnarə Quliyeva bizdən küsüb incidi”

Bunu Moderator.az -a açıqlamasında Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib. O daha sonra İnarə Quliyevanı Azərbaycandan incik salan səbəblərdən danışıb.

“İnarə xanım həmin filmin sınaq çəkilişlərinə dəvət olunmuşdu. Təyyarə təxminən saat 3-də enmişdi Bakıya, İnarə xanım hardasa saat 4-də kinostudiyada idi. Gətirdilər onu, çay falan içdi. 1-2 saat da orada qaldı, artıq iş vaxtı bitirdi. Ona dedilər ki, İnarə xanım, sizin üçün mehmanxana tapmamışıq, heç cür alınmır, bu gecə otaqda qalın, səhər sizi mehmanxanaya yerləşdirərik. İnarə xanım təbii ki, incidi və tələb edərək dedi ki, səhər biletimi alın, Moskvaya qayıdıram. Səhər saat 1-də uçub Moskvaya getdi. O zaman Moskvaya 4-5 reys var idi. Həmin hadisədən sonra İnarə Quliyeva bir daha Azərbaycana gəlmədi. O bu hadisəni ona qarşı hörmətsizlik kimi qəbul etdi və üz döndərdi. Mən bu hadisənin canlı şahidiyəm. Başqaları ola bilsin ki, nəsə deyə bilər, amma mən bu işin içində olmuşam. Hətta İnarə xanıma təklif etdim ki, bizə getsin. Anam o vaxtı sağ idi. O dedi ki, mən prinsipial olaraq getməyəcəm və kinostudiyada qalacam, filmə də çəkilmək istəmirəm” deyə o bildirib.

Cəmil Quliyev bildirib ki, İnarə Quliyevadan o illərdən sonra xəbər almayıb.

“Sonuncu dəfə İnarə xanımı elə orada görmüşəm. Ondan sonra görməmişəm, çünki həmin hadisədən sonra gəlməyib. Moskvada olanda onun çalışdığı teatrın tamaşalarına getdim. Həmin gün o səhnədə yox idi, “Silva” tamaşasında onun dublyoru səhnəyə çıxmışdı. Zaman çox keçib. 1988-ci il idi. Mən onun xətrini çox istəyirəm. O da, Səfurə İbrahimova da ömrümün axırına qədər mənim yadımda qalacaqlar. Uzun illər sonra “O üz” verilişinə açıqlama vermişdi. Mənim haqda, babam haqda ürəkdolusu danışmışdı. Hətta mənə o Moskvadan gələndə hədiyyələr də gətirmişdi. Çox xoşbəxtəm ki, onunla birgə “Alma-almaya bənzər” filmində çəkilmişəm” deyə Cəmil Quliyev deyib.

Geri qayıt