Əsas Səhifə > Güney Press > "Azərbaycana qarşı ərazi iddiası davam edən Ermənistan, bizi "yarımcan" sülhə dəvət edir"

"Azərbaycana qarşı ərazi iddiası davam edən Ermənistan, bizi "yarımcan" sülhə dəvət edir"


Dünən, 19:00
"Azərbaycana qarşı ərazi iddiası davam edən Ermənistan, bizi "yarımcan" sülhə dəvət edir"
İrəvan yenidən Bakını COP 29-dan əvvəl sülh sazişi imzalamağa dəvət edir. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress”ə müsahibəsində bildirib. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, hazırda Bakı ilə İrəvan arasında sülh müqaviləsinin müddəalarının təxminən 80%-i razılaşdırılıb. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və konstitusiya əsasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulması vacibdir. Ermənistanın bu təklifinin bir pərdəarxası da var. Azərbaycan daim sülhü dəstəkləyən tərəf olub, amma bu müqavilədə razılaşmadığımız məqamlar var. Ermənistan və onun havadarları, Azərbaycanı sanki yarımçıq müqaviləni imzalamağa təşviq edir.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan tərəfinin COP 29-a kimi sülh müqaviləsinin 17 bənddən 13 bənd əsasında aralıq sülh müqaviləsinin Azərbaycanla imzalanması istəyi və bu barədə sərt təkliflərlə çıxış etməsi absurddur. Çünki uzun illər Azərbaycana qarşı işğal siyasəti aparan Ermənistana qarşı Azərbaycanın heç bir etimadı qalmayıb.

“Ermənistanda hələ də müxalifətdə revanşist qüvvələr qalmaqdadır. Belə olan təqdirdə necə ola bilər ki, Azərbaycan Ermənistanla aralıq sülh müqaviləsi bağlaya bilsin. Amerika Birləşmiş Ştatları da bu məsələyə qoşularaq, Azərbaycanı aralıq sülh müqaviləsinə dəvət edir. Əgər sülh müqaviləsində səmimidirlərsə, müqavilənin qalan bəndləri də razılaşdırılsın və yekun sülh müqaviləsi bağlasın. Azərbaycan məsələni sonrakı mərhələyə saxlaya bilməz. Prezident İlham Əliyev bu məsələlərdə prinsipiallıq göstərir və yekun sülh müqaviləsinin imzalanması üçün çalışır. Azərbaycan yekun sülh müqaviləsindən imtina etmir.

Azərbaycan Ermənistandan ərazi iddia etmir. Hətta Zəngəzur dəhlizi təkliflərinin də sülh müqaviləsinin şərtindən çıxardıb. Azərbaycanın gözləntisi konstitusiya və qanunvericilik aktlarından Azərbaycanın ərazi bütövlüyünə zidd ərazi iddialarının çıxarılmasıdır”-deyən politoloq bildirib ki, Ermənistan tərəfi qalan bəndləri yerinə yetirdikdən sonra, sülh müqaviləsi imzalanmalıdır.

Politoloq qeyd edib ki, “aralıq” sülh müqaviləsi lazımsızdır: “Əgər aralıq sülh müqaviləsi imzalansa, bu müqavilə Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil edəcək və Ermənistan qanunvericiliyinə də zidd olacaq. Sadəcə olaraq Ermənistan tərəfi bu mövzu ətrafında manipulyasiya edir və beynəlxalq ictimaiyyətə özünü sülhpərvər ölkə kimi göstərməyə çalışır”.

Geri qayıt