Əsas Səhifə > Güney Press > "Cəmi 24 saatdan az müddətdə..."
"Cəmi 24 saatdan az müddətdə..."6-10-2024, 14:10 |
Vətən müharibəsi dövründə Ermənistanın Gəncəyə ilk raket hücumundan 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım edib. H.Hacıyevin “X” hesabında edilən paylaşımda deyilir: “2020-ci il oktyabrın 4-də Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan “Scud” ballistik raketləri ilə vurulub. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ballistik raketlərdən istifadə ilə bağlı ilk hal idi. Məqsəd mülki əhali arasında kütləvi qətl və terror törətmək idi”. Gəncə terroru ilə bağlı fikirlərini “Sherg.az"la bölüşən millət vəkili Azər Badamov deyib ki, 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına məhəl qoymayaraq mülkü əhaliyə qarşı istifadəsinə qadağan olmuş ballistik raketlərlə Azərbaycanın Gəncə şəhəri 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb: “İlk belə hücum 4 oktyabrda baş verib və 1 mülki şəxsin şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. Ümumiyyətlə, 2020-ci ilin oktyabr ayında raket hücumları nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib. Gəncə soyqırımı Ermənistanın məkrli terror siyasətinin iç üzünü bir daha açıb göstərdi. Belə terrorlar insanlığa qarşıdır və Gəncə şəhərinə səfər etmiş diplomatlar və xarici qonaqlar erməni vandalizminin və vəhşiliyinin canlı şahidi olub. Ermənistanın mülki əhalimizə qarşı raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanıb. Amma təəssüf ki, beynəlxalq ictimaiyyətin törətdikləri hərbi cinayətlərinə görə Ermənistana təsir etməməsi, erməniləri yeni hərbi cinayətlərin davam etdirilməsinə ruhlandırıb”. Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsində hər keçən gün məğlubiyyəti ilə barışa bilməyən Ermənistan ordusu və qanunsuz silahlı birləşmələri mülki əhaliyə qarşı terror aktları törətmək yoluna əl ataraq, insanlar arasında qorxu və xaos yaradacağına ümid etmişdi. Lakin bu terror aktları Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun ətrafında daha da sıx birləşməsinə gətirdi: “Belə ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində erməni qoşunları məhv edildi və ərazi bütövlüyümüz bərpa edildi. 19-20 sentyabr 2023-cü il tarixində Ermənistan silahlı qüvvələri və separatçı dəstələr genişmiqyaslı hərbi təxribatlara əl ataraq, bizim ərazilərdə minalar basdırıb yenidən terror aktları törətdi. Bu təxribatlar Azərbaycanı öz haqlı mövqeyini daha da güclü müdafiə etməyə və suverenliyini qorumaq üçün qəti tədbirlər görməyə vadar etdi. Azərbaycan terror aktlarına və təxribatlara cavab olaraq lokal xarakterli antiterror tədbirləri başlatdı və cəmi 24 saatdan az müddətdə erməni separatçılarını darmadağın edərək təslim olmağa məcbur etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi”. Geri qayıt |