Əsas Səhifə > Güney Press > Əliyevin üç ölkə ilə bağlı planı:

Əliyevin üç ölkə ilə bağlı planı:


5-10-2024, 14:51
Əliyevin üç ölkə ilə bağlı planı:
Ermənistan 2020-ci il 10 noyabr Moskva razılaşmasına əsasən bölgədə nəqliyyat, kommunikasiya xətlərinin açılacağı ilə bağlı məlum öhdəliklər götürüb. Üçtərəfli Moskva razılaşmasının mətnində rəsmi İrəvanın iddia etdiyi kimi Zəngəzur dəhlizinin adı hallanmasa da, Azərbaycanla Naxçıvan arasında kommunikasiya xətlərinin məhz bəlli dəhliz üzərindən bərpası ilə bağlı razılıqlar mövcuddur. Həmçinin dəhlizə Rusiya sərhəd qoşunlarının nəzarət edəcəyi ilə bağlı da bəlli razılıqlar var.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan ona Qərbdən olan dəstəyin müqabilində Moskva razılaşmasının şərtlərinə əməl etməkdən birtərəfli şəkildə boyun qaçırır:

“Bu isə özlüyündə Qərbin regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsi ilə bağlı planlarından irəli gəlir. Qərb, ilk növbədə ABŞ bu yolla region dövlətləri olan Rusiya və İranı məlum dəhlizdən kənarda saxlamaq, dəhliz vasitəsilə daşınmalarda onların iqtisadi, ticari, o cumlədən geosiyasi maraqlarına cavab verə biləcək dividentlərdən məhrum etmək istəyir. ABŞ-ın orta dəhlizlə bağlı mövqeyi həm də Çinin "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasının qarşısının alınmasına xidmət edir. Dəhliz ərazisinin Ermənistana aid olması amilinə söykənən ABŞ Ermənistanın suverenlik prinsipini qabardır, bundan çıxış edərək dəhlizə nəzarət imkanlarının Ermənistana aid olduğunu bildirir.

Dəhlizə nəzarətin beynəlxalq özəl şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı təkliflər də əslində Vaşinqtona məxsusdur ki, sadəcə Paşinyanın vasitəçiliyi ilə gündəmə gətirilir. Paşinyan problemin məhz Qərb platformasında həlli ilə bağlı mövqelərdən çıxış edərək sadəcə onu iqtidara gətirmiş dairələr qarşısında öhdəliyini yerinə yetirir. Onun ciddi cəhdlə Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina edərək Qərbə meyllənməsi Ermənistana yaxşı heç nə vəd etmir. Paşinyan bunu gözəl anlayır. Buna görə də Rusiya ilə iqtisadi, ticari sahələrdə əməkdaşlığını davam etdirir”.

Politoloq bildirib ki, Paşinyanın KTMT-də Ermənistanın fəaliyyətinin dondurulması ilə bağlı mövqeyi də Qərbin sifarişlərinə rəğmən formalaşdırılır:

“Halbuki, Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirir. Bu isə göstərir ki, rəsmi İrəvan Rusiya ilə münasibətlərdəki əməkdaşlığın ona verdiyi mənfəətin mahiyyətini gözəl anlayır.

Azərbaycan Qərbin məlum dəhlizlə bağlı təkliflərinə özünün milli təhlükəsizlik və iqtisadi maraqları, regional təhlükəsizliyin təmin edilməsi kontekstində yanaşır. Rəsmi Bakı Qərbin regionla bağlı geosiyası layihəsində yer alıb, regional dövlətlərlə münasibətləri kəskinləşdirmək mövqeyindən uzaqdır. Digər tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin Qafqaz Evi ideyası (Azərbaycan, Ermənistan və Gürcüstan arasında) regional təhlükəsizlik problemlərinin həllini məhz region dövlətləri ilə əməkdaşlığın hesabına təmin etməyə hesablanıb. Qərbi məmnun etməyən faktorlardan biri də məhz budur”.

Geri qayıt