Əsas Səhifə > Güney Press > Makron gücü çatmayacaq vədlər verib,
Makron gücü çatmayacaq vədlər verib,5-10-2024, 14:43 |
Cənubi Qafqazda Fransanın məkrli geopolitik manevrlərlə regiona yerləşmək cəhdləri hələlik rəsmi Parisin məmnun qala biləcəyi nəticələrdən çox-çox uzaqdır. Hər halda, rəsmi Paris Ermənistan üzərindən bu regionda geopolitik oyunçuya çevrilmək şansları qazana bilməyib. Üstəlik, yaxın gələcəkdə buna nail ola biləcəyi də tədricən daha çox şübhə doğurmaqdadır. Və bu baxımdan, Fransanın ən yaxşı halda, Cənubi Qafqaz ətrafında nəticəsiz xaotik dövrə vuracağını düşünmək olar. Nə qədər qəribə də olsa, rəsmi İrəvan hələ də beynəlxalq məkanda məğlub ölkə imici qazanmaqda olan Fransadan təhlükəsizlik təminatı gözləyir. Ermənistan baş naziri Nikol Paşinyanın Parisə son səfərinin də rəsmi İrəvan üçün ümidverici nəticələr vəd etdiyinə inanmaq ən yaxşı halda, sadəlövhlük olardı. Düzdür, prezident Emmanuel Makron Ermənistanın təhlükəsizliyinin Fransa üçün prioritet olduğunu bəyan edib və bununla erməni baş nazirə təskinlik verməyə çalışıb. Ancaq elə bu bəyanatı ilə də Fransanın Cənubi Qafqazdakı geopolitik proseslərdən kənarda qalmasını növbəti dəfə təmin edib. Və bu baxımdan, Fransanın Cənubi Qafqaza buraxılmayan ölkə statusu ilə barışmağa məhkum olduğu qətiyyən şübhə doğurmur. Məsələ ondadır ki, rəsmi Bakının beynəlxalq hüquq normalarından danışan, ancaq onları kobud şəkildə pozan Fransanı Cənubi Qafqaza yaxın buraxmayacağını elə Makron administrasiyası da bilir. Çünki Fransadakı erməni diasporunun təsiri altında qalaraq, neytralitetdən çox-çox uzaq olan rəsmi Paris bu regiona yalnız hərbi-siyasi gərginlik gətirə bilər. Və bu səbəbdən də, Azərbaycan Fransaya qarşı regional geopolitik bloklama mövqeyində prinsipial davranmaq niyyətindədir. Belə anlaşılır ki, əslində, rəsmi Paris bir tərəfdən gücü çatmayan hədəflərə indeksləşib. Yəni, Ermənistanı silahlandırmaqla, bu regionda güclü dayaqlar qazanmağa çalışır. Halbuki, Ermənistanın fransız hərbi texnikası ilə Fransanı Cənubi Qafqaza yerləşdirmək şansı yoxdur. Çünki bu region hazırda tamamilə Azərbaycanın geopolitik hegemoniyası altındadır. Fransız hərbi texnikası ilə bu regionda mövcud olan situasiyanı dəyişmək isə qətiyyən mümkün deyil. Və bunun kifayət qədər ciddi səbəbləri mövcuddur. Birincisi, Fransanın Ermənistana verdiyi silahlar müasir olsa da, hərbi təyinat baxımından Azərbaycanı ciddi şəkildə narahat edə biləcək xarakter daşımır. Hər halda, Ermənistana göndərilən silahlardan indi Fransa ordusunda belə, istifadə edilmir. Yəni, həmin hərbi texnika Fransa ordusunun arsenalından çıxarılıb, hərbi anbarların boşaldılması məqsədilə Ermənistana verilir. Və Ermənistan Azərbaycanın ən müasir hücum silahlarına malik, yüksək səviyyədə təlim keçmiş ordusuna qarşı duruş gətirə bilməz. Digər tərəfdən, Fransa hətta Ermənistanı ən müasir hərbi texnika ilə silahlandırmış olsaydı belə, regional savaş poliqonunda çox şey dəyişməzdi. Çünki erməni toplumu savaş qabiliyyətindən və vərdişlərindən çox-çox uzaqdır. Ermənistan ordusu ən yaxşı halda, başqa bir güclü ölkənin hərbi potensialının arxasına sığınaraq, hərəkət edə bilər. Birinci Qarabağ savaşında Rusiya ordusunun sayəsində Azərbaycan ərazilərinin işğal edilməsi buna inkaredilməz örnəkdir. İkinci Qarabağ savaşında isə əsl reallıq ortaya çıxmış oldu. Belə ki, Rusiyanın hədiyyə etdiyi onmilyardlarla dollar dəyəri olan hərbi texnika ilə Azərbaycan ordusu qarşısında təkbaşına qalan Ermənistan cəmisi 44 gün ərzində kapitulyasiya aktı imzalatmaq məcburiyyətində qaldı. Yəni, Fransa Ermənistana hansı silahları versə də, erməni hərbi sistemi məğlubiyyətə məhkumdur. Ona görə də, rəsmi İrəvan Fransadan yalnız Ermənistanın əvəzinə regionda Azərbaycana qarşı hərbi əməliyyatlar aparmasını umur. Və bu, ümumiyyətlə, mümkün deyil. Məsələ ondadır ki, rəsmi Parisin Cənubi Qafqazda hərbi manevrlər etmək imkanları yoxdur. Fransa nəinki bu regionda hərbi əməliyyatlar, hətta Ermənistana təhlükəsizlik təminatı vermək potensialı belə, reallıqdan çox-çox uzaqdır. Yəni, əgər, Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi toqquşmalar baş verərsə, rəsmi İrəvan Fransaya ümid bəsləyə bilməyəcək. Və rəsmi Paris regionda baş verənləri uzaqdan müşahidə edib, növbətçi xarakter daşıyan ermənipərəst bəyanatlar verməklə, kifayətlənməli olacaq. Üstəlik, rəsmi Paris ermənipərəst mövqe tutmaqla, əslində, Fransanın Cənubi Qafqazdakı geopolitik maraqlarını qurban vermiş olur. Bu, daha çox Makron administrasiyasının erməni diasporuna bağlı siyasi maraqlarından qaynaqlanır. Yəni, Makron hakimiyyəti öz siyasi maraqları ucbatından Azərbaycan ilə qarşıdurmaya üstünlük verir. Rəsmi Paris hesab edir ki, Fransanın "beynəlxalq nüfuzu" Azərbaycanı geri çəkilmək məcburiyyətində buraxa bilər. Və Makron hakimiyyəti Fransanın beynəlxalq məkanda artıq real güc sahibi olmadığını nəzərə almaq istəmir. Halbuki, rəsmi Bakı bu reallığı Fransadan daha dəqiq dəyərləndirməyi bacarır. Belə ki, Azərbaycan Fransanın çökməkdə və nüfuzunu sürətlə itirməkdə olan güc mərkəzi durumunu nəzərə alır. Azərbaycan bir tərəfdən ermənipərəst Fransanı Cənubi Qafqazdan kənara itələyir. Digər tərəfdən isə rəsmi Bakı Fransanı ən zəif yerindən hədəfə alır. Hər halda, Azərbaycanın təşəbbüsü və birbaşa dəstəyi ilə Fransanın müstəmləkəçilik siyasətinə qarşı beynəlxalq müqavimət hərəkatının genişlənməsi bunu təsdiqləyir. Hazırda rəsmi Paris Azərbaycanın bu məsələdə Fransaya olduqca ciddi problemlər yaratmağa başladığını birmənalı şəkildə etiraf etməkdədir. Belə anlaşılır ki, rəsmi Bakı Fransanı ölkədaxili böhrana məhkum etmək mexanizmlərinə malikdir. Halbuki, Fransanın müstəmləkələrinin artan etiraz dalğasına paralel olaraq, rəsmi Paris son vaxtlar həm də olduqca ciddi ölkədaxili siyasi böhranla da qarşı-qarşıya qalıb. Hər halda, Makron administrasiyası Fransa cəmiyyətində dayaqlarını böyük sürətlə itirməkdə davam edir. Hətta yaxın vaxtlarda siyasi-ictimai etiraz dalğasının genişlənərək, Fransada ölkədaxili xaos yarada biləcəyi də qətiyyən istisna edilmir. Və hələlik parlamentə nəzarəti itirmiş prezident Emmanuel Makrona qarşı impiçmentin də tətbiq olunması növbəti mərhələnin Fransa üçün daha ağır şərtlər altında olacağını göstərir. Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin hələ də Fransaya böyük ümidlər bəsləməsi tamamilə absurd xarakter daşıyır. Çünki Fransa Ermənistanı real hərbi təhlükədən müdafiə etmək şansından uzaqdır. Üstəlik, belə davam edərsə, tezliklə Fransanın özünün köməyə ehtiyacı olacaq. Belə vəziyyətdə baş nazir Nikol Paşinyanın Parisdən həlledici dəstək təminatı ilə qayıda biləcəyi qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla erməni baş nazir növbəti dəfə rəsmi Parisin Ermənistana dəstək potensialını sınaqdan keçirməyə çalışacaq. Və üzləşəcəyi növbəti uğursuz nəticədən sonra Cənubi Qafqazdakı geopolitik reallıqlarla barışmaq məcburiyyətində qalacaq. Elçin XALİDBƏYLİ, Siyasi ekspert, "Yeni Müsavat" Geri qayıt |