Əsas Səhifə > Güney Press > "Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar"
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar"5-10-2024, 14:42 |
"Cəbrayılın azad edilməsi tarixi gündür. Çünki, Cəbrayıl erməni işğalından azad olunmuş ilk şəhərimizdir və bu şəhərin azad olunması digər rayonlarımızın da azad olunmasına yol açdı. Azərbaycan ordusu 44 gündə 300-dən çox şəhər və kəndimizi işğaldan azad etməklə tariximizin yeni bir səhifəsini yazmış oldu. Bu səhifə qəhrəmanlıq tariximizdir". Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov danışıb. Deputat qeyd edib ki, Azərbaycan xalqı öz haqqının tapdalanması ilə heç vaxt barışmayacağını döyüş meydanında sübut etdi: "Halbuki, torpaqlarımızın işğal altında olduğu 30 ildə bizi aldatmaqla, məğlubiyyətlə barışdırmaq istəyirdilər. Amma dövlət başçımız bütün görüşlərdə xalqımızın torpaqlarımızda erməni işğalı ilə heç vaxt barışmayacağını bəyan edirdi və danışıqlar yolu ilə ədalət bərpa olunmazsa, bunu güc yolu ilə edəcəyimizi açıq bildirirdi. Amma bizi işğalla barışdırmaq istəyənlər bizə münaqişənin güc yolu ilə həllinin olmadığını bildirirdilər. ATƏT-in Minsk Qrupunun misiyasının 28 ildəki fəaliyyətinin məqsədi də bu idi. Təbii ki, Fransanın və ABŞ-ın iştirak etdiyi missiyanın başqa bir xidməti ola da bilməzdi. Çünki, torpaqlarımızı işğaldan azad etməyimizdən sonra onların açıq sərgilədikləri münasibətdə biz bunu daha aydın şəkildə görürük. Bu gün Azərbaycan dövləti ermənilərin viran qoyduğu əraziləri yenidən qurur, bərpa edir. Keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarırıq. Yeni şəhərlər və kəndlər salınır. Viran qoyulan yaşayış məntəqələrimizi də bütün dünya görür". Deputat deyir ki, Ermənistan işğal etdiyi ərazilərimizdə azərbaycanlıların bütün mədəni, dini irsini yer üzündən sildi və bacardıqları qədər təhqir etdilər. "Bu gün ermənilərin irsinin qorunması ilə bağlı bizə məsləhət vermək istəyənlər o vaxtı ermənilərin törətdikləri vəhşilkləri görmürdülər? Görürdülər. Amma özlərini görməzliyə vururdular. Çünki, onlara azərbaycanlıların əzilməsi lazım idi. Amma prezident İlham Əliyevin uzaqgörən siyasəti xalqımızın əyilməz ruhunu bütün dünyaya sübut etdi. Biz uzun illər bizə qarşı azərbaycanofob və islamofob baxışları olan qərb dairələrinə qalib gəldik. Onlar bu gün həmin ərazilərin yenidən bərpasını, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını həzm edə bilmirlər. Ona görə də Ermənistanı silahlandırırlar, Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar və yenidən bizə qarşı öz çirkin niyyətlərini reallaşdırmaq istəyirlər. Halbuki, Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya qarşı bütün Qərb birləşib, silahdan başlamış bütün dəstəyini göstərirlər. Bizim günahımız nədir? Biz heç kimin dəstəyi olmadan öz ərazilərimizin bütövlüyünü təmin etmişik. Biz başqa bir ölkənin ərazisinə girməmişik. Amma bizim qələbəmizi, ədalətimizin bərpasını həzm edə bilmirlər. Təbii ki, hamı bilməlidir ki, bu gün qalib Azərbaycan var. 4 il əvvəl 44 gündə 300-dən çox yaşayış məntəqəmizi azad etmişdiksə, keçən il bir neçə saat ərzində keçirildiyi lokal xarakterli antiterror tədbirləri ilə Qarbağda erməni separatçılarının yuvasını dağıtdıq. Bu, Azərbaycanın qəhrəman ordusunun gücünün artdığını və hər bir təhdidə qarşı hazır olduğunu bir daha sübut etdi" deyən deputat qeyd edib ki, Ermənistan hakimiyyətinin nala-mıxa vurması heç də onlara yenidən özlərinin çirkin niyyətlərinin reallaşdırılmasına kömək etməyəcək və reallıq odur ki, bu gün güclü Azərbaycan, eləcə də ölkəni monolit birliyə çevirən böyük liderimiz var. Geri qayıt |