Əsas Səhifə > Güney Press > Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ:

Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ:


Bu gün, 13:51
Ekspertdən videosu yayılan şagirdlə bağlı ÇAĞIRIŞ:
"Uşaqların uzun dərs saatlarına məruz qalması və saat 8-də evə qayıtmaları həm fiziki, həm də psixoloji cəhətdən onlara mənfi təsir göstərir. Bir uşağın deməli olduğu kimi: “Evə gələndə atam artıq oturub yemək yeyir, amma mən hələ indi evə gəlirəm” – bu ifadə, hazırkı təhsil sistemimizin uşaqları necə yüklədiyini açıq şəkildə göstərir".

Bu fikirləri Musavat.com-a təhsil eksperti, Ağ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova bildirib.

"Birincisi, uşaqların təhsilə olan marağını artırmaq və onların yaradıcılığını inkişaf etdirmək üçün, uzun və yorucu dərs saatları əvəzinə, qısa, lakin keyfiyyətli tədrisə ehtiyac var. Onları bu qədər yükləmək həm öyrənmə prosesinə zərər vurur, həm də onların uşaqlıq dövründə ehtiyac duyduqları sosial inkişaf və istirahət vaxtını əllərindən alır.

Uşaqlar məktəbli olduqları qədər, həm də uşaqdırlar. Onlar oyun oynamalı, dostları ilə vaxt keçirməli, ailələri ilə ünsiyyət qurmalı və yaradıcı fəaliyyətlərə vaxt ayırmalıdırlar. Saat 8-ə qədər davam edən dərslər bu təbii inkişaf prosesinə mane olur. Uzun dərs saatları uşaqları yalnız dərs yükü altında əzməklə qalmır, həm də onların sosial və emosional balansını pozur", deyə ekspert bildirib. O əlavə edib ki, müasir təhsil sistemi, uşaqların fərdi inkişafını, onların maraqlarını və ehtiyaclarını nəzərə almalıdır. Dərs saatlarını qısaltmaq və tədrisin keyfiyyətini artırmaq, uşaqların həm fiziki, həm də ruhi sağlamlığını qorumaq üçün əsas addımlardan biridir.
Əks halda, bu cür yükləmələr təkcə uşaqların məktəblə əlaqəsini zədələmək deyil, gələcəkdə onların həyat boyu öyrənməyə olan marağını da məhv edəcək. Uşaqların təhsili onların rifahı ilə yanaşı, balanslı şəkildə qurulmalıdır.

Bu vəziyyətin aradan qaldırılması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tədris saatlarının yenidən nəzərdən keçirilməsini və uşaqların fiziki və psixoloji sağlamlığına uyğun daha balanslı dərs cədvəllərinin hazırlanmasını təmin etməlidir. Təhsil sistemimizin gələcəyinə cavabdeh olan qurum olaraq, Nazirlik bu məsələyə təxirəsalınmaz həll yolları tapmalıdır ki, uşaqlar həm yüksək keyfiyyətli təhsil alsınlar, həm də onların ümumi inkişafı nəzərə alınsın".

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə şagirdin dərs saatının uzun olması ilə bağlı görüntüləri yayılıb, onun giley-güzarı müzakirələrə səbəb olub.

Geri qayıt