Əsas Səhifə > Güney Press > Fransanın silahlandırdığı Ermənistan...
Fransanın silahlandırdığı Ermənistan...5-10-2024, 15:05 |
“Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın”. Bu sözləri prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib. Dövlət başçısı qeyd edib ki, “lokal antiterror əməliyyatı onların yadından çıxmamalıdır, yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik”. Siyasi elmlər doktoru, alim, politoloq, Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan həqiqətən də hər davranışı və ölkə rəsmilərinin sərgilədiyi hər mövqe ilə nümayiş etdirir ki, sülh ritorikasında səmimi deyil. Politoloq qeyd edib ki, biz Ermənistanın dövlət olaraq, mahiyyətinə ötən illər ərzində çox yaxşı bələd olmuşuq, çünki keçmiş münaqişə vəziyyətində də Ermənistan yalnızca imitasiyalarla məşğul idi. Müzakirələrdə iştirak edirdi, Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu bildirirdi, amma Azərbaycan torpaqlarını da işğal altında saxlayırdı. Təxribatlarını davam etdirirdi, hətta yeni ərazilər də işğal etmək istəyini nümayiş etdirirdi. Politoloqun fikrincə, bu baxımdan bizim üçün Ermənistanın yenə də saxta ritorika sərgiləməsi gözlənilməz deyil: “Bu bizi təəccübləndirmir. Amma vəziyyət dəyişib, Azərbaycan prezidentinin də vurğuladığı kimi Ermənistan almış olduğu dərslərdən nəticə çıxarmalıdır. Biz keçmiş münaqişə vəziyyətində də Ermənistana və onun havadarlarına çağırışlar edirdik ki, məsələ dinc vasitələrlə tənzimlənsin. Amma Ermənistan Qərbdən aldığı dəstək sayəsində Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edirdi. Belə olan halda Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması üçün əks hücum əməliyyatlarına da başladıq. 44 gün ərzində torpaqlarımızın əhəmiyyətli hissəsini Ermənistanın işğalından azad etdik və Ermənistan kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qaldı. 2023-cü ildə lokal antiterror əməliyyatlarını həyata keçirərək 20-ci əsrlərin ortalarından bu günümüzə qədər başlayaraq, ilk dəfə tarixdə separatizmin kökünü kəsmiş olduq. Bu, dünya üçün olduqca uğurlu və müsbət bir təcrübə idi. Yəni separatizm ilə mübarizə aparıb onun kökünü kəsmək mümkündür. Beləliklə, biz ərazi bütövlüyümüzü və bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etdik. Bu da Azərbaycanın gücünün və iradəsinin göstəricisi idi”. Elşad Mirbəşiroğlu qeyd edib ki, biz həm də özümüzün güc mövqeyimizi təmin etdik. Politoloq vurğulayıb ki, Ermənistan bütün bu nəticələri görməlidir. Bu nəticələri hasil edən Azərbaycan dövlətidir, Azərbaycan ordusudur, Azərbaycan xalqıdır və Azərbaycan prezidentidir. “Bu gün yenə də Ermənistan hansısa avantüralara uyaraq, Azərbaycana qarşı çıxmaq ümidləri bəsləyirsə, gələcəkdə fəlakətlə qarşılaşacaq. Azərbaycan müqayisə olunmayacaq dərəcədə Ermənistandan güclüdür. Hərbi, iqtisadi, siyasi və diplomatik bütün mənalarda güclüyük. Ermənistan Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşdirilməsi istiqamətində bir alət kimi istifadə olunmaqdadır. Bu, göz önündədir. Yəni Ermənistan böyük geosiyasi qarşıdurmanın xırda bir alətinə çevrilib. Belə bir alət rolundan iştirak etməyin müqabilində Azərbaycana qarşı çıxmaq imkanlarının yaradılmasını istəyən Ermənistan, Qərbdən istədiyini ala bilir. Ermənistan sistemli şəkildə silahlandırılır, Amerika Birləşmiş Ştatları ilə birgə hərbi təlimlər keçirir və Azərbaycana qarşı bəzən təxribatlar törədir. Fransa Ermənistana dəstək verir. Fransanın lisenziyası ilə Hindistanda istehsal edilən təhlükəli silahlar Ermənistana ötürülür. Burada ritorik bir sual meydana çıxır: bütün bunlar Ermənistana nəyə lazımdır? 30 ilə yaxın bir müddətdə qonşu dövlət olan Azərbaycanın torpaqlarını işğal altında saxlayan və orada hər cür qanunsuz əməlləri, vandalizmi həyata keçirən işğalçı Ermənistanın silahlandırılmasında məqsəd nədən ibarətdir?”-deyən politoloq bildirib ki, məqsəd çox aydındır. Azərbaycana qarşı yenidən çıxmaq və yenidən regionda işğalçılıq siyasətini həyata keçirmə cəhdləri göstərmək. Politoloqun fikrincə, Qərbə də lazım olan məhz budur. Çünki regiondakı gərginlik və münaqişə amili kənar dairələrə, xüsusilə də Amerika Birləşmiş Ştatlarına və Fransaya müdaxilə imkanları verir. Bu müdaxilə imkanları gələcəkdə onlara öz təhlükəli geosiyasi maraqlarını və ambisiyalarını həyata keçirmək şəraitini yaradır: “Ermənistan belə bir təhlükəli oyunun içindədir. Bunu Azərbaycan prezidenti də qeyd etdi. Bu da Ermənistan üçün çox ağır başa gələcək. BMT nizamlanmasının 51-ci maddəsinə əsasən, əgər bir ölkənin təhlükəsizliyinə təhdid mövcuddursa, o ölkə öz təhlükəsizliyinə olan təhdidi aradan qaldırmaq üçün güc tətbiq edə bilər. Ermənistan tərəfindən yenidən bizim təhlükəsizliyimizə təhdid olacaqsa, sözsüz ki, biz onu güc yolu ilə aradan qaldırmalıyıq və bu da tam qanuni olacaq”. Geri qayıt |