Əsas Səhifə > Güney Press > Ermənistan yanlış yolda addımlayır

Ermənistan yanlış yolda addımlayır


Bu gün, 13:15
Ermənistan yanlış yolda addımlayır
“İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir”. Bu fikirlər Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına tərəf olduğunu həmişə göstərib. Bu, İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə müşahidə edilib. İkinci Qarabağ müharibəsində ərazilərimizin böyük miqyasının işğaldan azad edilməsi, sonra ötən ilin 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi təbii ki, böyük miqyasda keçmiş münaqişənin həllinə gətirib çıxardı.

Politoloq təəsüflə qeyd edib ki, amam biz hələ də Ermənistanla sülh imzalaya bilməmişik və bunun bir sıra səbəbləri var.

“Azərbaycanla Ermənistan arasında bir sıra məsələlərdə razılaşmalar əldə olunmayıb, bu da Ermənistandan qaynaqlanır. Bizim üçün həlledici və mühüm əhəmiyyət kəsb edən amillərdən biri də, həm birinci, həm ikinci Qarabağ müharibəsi dönəmində 4 minə qədər azərbaycanlının itkin düşməsi və onların taleyi barədə heç bir məlumatın olmaması ilə əlaqədardır. Azərbaycan dəfələrlə bununla bağlı məsələni qaldırıb. Çox təəssüflər olsun ki, Ermənistan mina xəritələri ilə bağlı etdiyi cığallığı bu məsələdə də edir. Baxmayaraq ki, bizə qarşı Ermənistan sülh və insanlıq əleyhinə müharibə cinayətləri, təcavüz və soyqırım addımlarını atıb və düşmənçilik siyasətini 30 ildən artıq davam etdirib, Azərbaycan yenə də Cənubi Qafqaz regionunda hər hansı bir qarşıdurmanın münaqişənin olmaması üçün əlindən gələni edir. Ermənistan bütün məsələlərdə olduğu kimi bu məsələdə də konstruktiv yanaşma tərzi ortaya qoyduğuna görə, biz bu günə qədər elə məsələlərdə uğur əldə edə bilməmişik”-deyə politoloq bildirib.

Xəyal Bəşirov qeyd edib ki, itkin düşən azərbaycanlılarla bağlı məlumatın Ermənistanda olması və yaxud mina xəritələri ilə bağlı məlumatların onlarda olması şübhəsizdir. Politoloq hesab edir ki, itkin düşən, müqəddəratları məlum olmayan insanlarla bağlı onlarda kifayət qədər əhəmiyyətli məlumatlar olmamış deyil: “Ermənistan həqiqətən də sülhdən yanadırsa və bu məsələdə səmimidirsə, o halda həm mina xəritələri, həm də itkin düşmüş şəxslərlə bağlı məlumatları Azərbaycana verə bilər. Çünki biz bilirik ki, o insanların kütləvi basdırılması hallarına yol verilib. İkinci Qarabağ müharibəsindən sonra ərazilərimiz işğaldan azad olunandan sonra Fərrux yüksəkliyində və bir sıra digər ərazilərdə çoxsaylı kütləvi məzarlıqlar aşkar etdik. Bu da onların o vəhşiliyinin əyani sübutu idi”.

Xəyal Bəşirov hesab edir ki, tam olmasa da, o insanların müqəddəratı ilə bağlı bəzi məlumatlar və mina xəritələri ilə bağlı real xəritələr Ermənistanda var: “Onlar bu xəritələri təqdim etmirlərsə, itkin şəxslər barədə məlumatları vermirlərsə, eyni zamanda konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını saxlayırlarsa və ATƏT-in Minsk Qrupundan imtina etmirlərsə və yenidən silahlanırlarsa, deməli Ermənistan Azərbaycana qarşı növbəti revanşist müharibəyə hazırlaşır”.

Xəyal Bəşirovun fikrincə, Azərbaycana qarşı bu davranışın nəticələri Ermənistan üçün ağır olacaq.

“Ermənistan silahlandırılır. İkinci Qarabağ müharibəsində necə onları darmadağın etdiksə, onların növbəti təxribatının qarşısını almaq üçün də eyni rəşadəti və eyni qəhrəmanlığı göstərməyə çoxdan hazırıq. Bəs onlar növbəti ağır məğlubiyyətə hazırdırmı?”-deyə politoloq əlavə edib.

Geri qayıt