Əsas Səhifə > Güney Press > Rəsmi İrəvanın revanşist siyasəti:

Rəsmi İrəvanın revanşist siyasəti:


Bu gün, 14:00
Rəsmi İrəvanın revanşist siyasəti:
Ermənistanda təlim-məşq tolantısına çağırılan şəxslər Azərbaycanla sərhəddə döyüş mövqelərinə göndərilir.

Yerli mətbuatda yayılan məlumatlara görə, bu barədə Ermənistan mediası yazıb.

Təlim-məşq toplantısı 25 gün nəzərdə tutulsa da, çağırışçıların bir çoxu uzun müddət xidmətdə saxlanılır.

Adının çəkilməsini istəməyən çağırışçılardan biri “Hraparak” nəşrinə bildirib ki, onlara posta çıxmayacaqları deyilsə də, toplanış məntəqəsindən birbaşa döyüş mövqeyinə aparıblar və sona qədər orda qalıblar.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlamasında təsdiq edib ki, təlim-məşq toplantısının iştirakçıları döyüş növbətçiliyindədir.

Erməni hərbi ekspert Mher Akopyan isə deyir ki, qanunvericiliyə görə təlim-məşq toplantısı 5 gün olmalıdır.

“Lakin 25 gün ediblər. Bununla yanaşı, təlimə qatılanlar daha uzun müddət orada saxlanılır. İştirakçılardan biri mənim yaxınımdır. O bildirir ki, maddi təminat bərbad vəziyyətdədir. 3 çarpayıda 7 nəfər yatır, silah-sursat azdır, 15 gündə bir dəfə çimə bilirlər. Gigiyena qaydalarına əməl edilmir. Yeməyə də ancaq ucuz plov verilir”, - deyə M.Akopyan bildirib.

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistan revanşist planlarından əl çəkməyib:

“Son bir neçə ildə Ermənistanda bu cür hərbi toplanışlar davam edir. Bu toplanışlara cəlb olunan şəxslər müəyyən kateqoriyaları təmsil edirlər, müəyyən yaş dərəcələrinə malikdirlər.

Bu baxımdan, toplanışların əsas məqsədi Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılması və şəxsi heyətinin komplektləşdirilməsidir. Təbii ki, təlim-toplanışların Azərbaycanla sərhəd ərazilərdə aparılması gələcək təxribatlara xidmət edir.

Xatırladım ki, bu ilin aprelində təxribat törətməyə cəhd dörd erməni hərbçisi ordumuzun mövqeləri tərəfindən zərərsizləşdirilmişdi və onlardan birinin yaşı 60-dan yuxarı idi.

Ermənistanın bu davranışları təsadüfü deyil. Nəzərə almalıyıq ki, son bir neçə ildə Ermənistanda ABŞ və Fransa hərbçiləri erməni hərbçiləri ilə birlikdə təlimlər keçirlər, eyni zamanda Ermənistan Müdafiə Nazirliyində ABŞ və Fransa hərbçilərinə yüksək vəzifə verilib.

Paralel olaraq, Ermənistan ABŞ, Fransa, Hindistan və Yunanıstan tərəfindən silahlandırılır. Bütütn bunlar Ermənistanı revanşa həvəsləndirir.

Ermənistan Konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutulan müddəaların ləğv olunması istiqamətində hələ də işlər aparılmır.

Ermənistan ordusunun Azərbaycanla sərhəd ərazilərdə toplanış-təlimləri növbəti təxribatlara və hərbi avantüraya əl atmaq məqsədi daşıyır”.

Yunis Abdullayev
“Cebheinfo.az”

Geri qayıt