Əsas Səhifə > Güney Press > Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru

Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru


Bu gün, 12:01
Əli Kərimlinin qoşulduğu anti-Azərbaycan xoru
Azərbaycanın regionda və dünyada artan nüfuzu, Vətən müharibəsindəki qələbədən sonra möhkəmlənən mövqeyi və ərazi bütünlüyünü bərpa etməsi ölkəmizə qarşı ən müxtəlif dairələr tərəfindən təhdidləri artırıb.

Açıq-aşkar anti-Azərbaycan mövqeyini nümayiş etdirməkdən çəkinməyən bu qüvvələrin daxildə axtardıqları “yandaş” komsomolçu isə həmişə hazırdır. Çünki hər zaman balabançı yerində olub. İstər xaricdən, istər daxildən Azərbaycanın əleyhinə kim fəaliyyətə başlayarsa, Əli Kərimli onun yanında yer tutur, o sırada görünür.

COP29 ərəfəsində, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşdığı bir dönəmdə ABŞ-dən Fransaya, Kanadadan Niderlanda kimi müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə qərəzli bir kampaniyaya başlayılb.

Tədbirin mahiyyətindənkənar məsələlər qaldırılır və bununla da Azərbaycana təzyiq etməyə cəhd edilir. Əli Kərimli də onlarla birgə XOR ifaçılarındandır.

Proses o məcraya yönəlib ki, Azərbaycana qarşı bəyanat səsləndirməkdə bir-birlərini itələyib, daha bərkdən qışqırmağa çalışırlar. Avropalı deputatlar, ABŞ-li konqresmenlər bir-birinə aman vermədən elə bir səs-küy salıblar ki, öz səsləri öz küylərindən eşidilmir. Ayılanda bir-birini dəstəkləyirlər.

Bakıdan isə onların havasına qoşulan yenə də Əli Kərimlidir. Onlar danışır, Əli Kərimli də onların dediklərini təkrarlayır. AŞPA-da Azərbaycanla bağlı keçirilən son müzakirələrdə bəzi avropalı deputatların ölkəmizə qarşı təhdid dolu çıxışları Əli Kərimlini o qədər sevindirib ki, lap göynən gedir.

Amma unutduğu bir məsələ var. O da "yalançının yaddaşı qısa olar" deyirlər. Unudur ki, indiyə qədər bu çıxışlardan bəlkə yüzlərlə olub, hər biri də ölkəmizə qarşı aşkar qərəzdən qaynaqlanıb, hansısa məqsədlərə xidmət edib. Bu da onların növbəti avantüralarından biridir. Demokratiyadan, sərhədlərin toxunulmazlığından danışıb 30 illik işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkünü görməzdən gələnlər bu gün işğalçı Ermənistanın maraqlarının müdafiəçisinə çevriliblər.

Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparan bir təşkilatın sədrliyini ələ keçirərək, o təşkilatı milli maraqlardan yayındırıb, öz şəxsi hikkəsinin əsirinə çevirən Əli Kərimli həmişə olduğu kimi öz çıxarları üçün anti-Azərbaycan mövqeyi ilə seçilən o adamların sırasında yer alıb.

Lise Chistroffersen, Paul Gavan, Azadeh Rojhan, Joseph O’relliy, Aurora Floridia kimi APŞA deputatları indi Əli Kərimlinin ilham qaynağına çevrilib. Onların Azərbaycana qarşı mövqeyini paylaşaraq bunu az qala “dünyanın dəyişməsi” kimi təqdim edir.

Təbii ki, Əli Kərimli burada bir neçə məqsəd güdür. Birincisi, bacardığı qədər aldatmaq və sosial bazasını genişləndirməyə ümid edir. Eyni zamanda, rəhbərlik etdiyi partiyada özünə qarşı yüksələn etiraz səslərini susdurmağa çalışır. Son istefalar göstərdi ki, məşhur tezisdəki kimi “aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki kimi idarə edə bilmirlər”.

İndi böhranla üz-üzə qoyduğu AXCP-də eyni vəziyyət hökm sürür. Əli Kərimli əvvəlki kimi idarə edə bilmir. Üzvlərin və funksionerlərin aldadılmaq limiti isə tükənib. Ona görə də Əli Kərimli avropalı deputatların fikrini bəh-bəhlə paylaşmaqla partiyadaxili problemləri arxa plana daşımaq istəyir.

Eyni mövqeyi AXCP sədrinin adından “The Economist” dərgisində çap edilən yazıda da sezmək olurdu. Burada bir məqamı xatırladaq. Sözügedən məqalə ilə bağlı yazımızda da vurğulamışdıq ki, həmin yazının Əli Kərimlinin qələmindən çıxması və dərgiyə qədər gedib çatması dəstəksiz mümkün deyil.

Kimlərsə, hansısa dairələr o məqalənin yazılmasında, “The Economist”də nəşr olunmasında və altına Əli Kərimlinin imzasının qoyulmasında maraqlı olublar. İndi bəlli olur ki, bizim hələ bir neçə gün əvvəlki təxminlərimiz doğru imiş. Məqalənin müəllifi Əli Kərimli yox, Azərbaycana qarşı faliyyəti ilə tanınan jurnalist Arkadi Ostrovski, ideya müəllifləri isə tamamilə başqalarıdır.

İndi həmin o “başqaları” Əli Kərimliyə yenə də anti-Azərbaycan mövqeyini dəstəkləmək üçün xüsusi tapşırıqlar veriblər.

AXCP sədri də boyuna biçilmiş tapşırıqların, AŞPA-dakı məruzəçilərin Azərbaycanla bağlı mövqeyindəki obyektivlik donuna bürünmüş qərəzin fəal təbliğatçısına çevrilib.

Süleyman Yusif
“Cebheinfo.az”

Geri qayıt