Əsas Səhifə > Güney Press > Real təhlükə, yoxsa “xalq nağılı”

Real təhlükə, yoxsa “xalq nağılı”


Bu gün, 19:00
Real təhlükə, yoxsa “xalq nağılı”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstin, Livan və Suriya torpaqlarından sonra gözünü Türkiyəyə dikəcəyini iddia edib. Türkiyə lideri oktyabrın 1-də Böyük Millət Məclisinin (parlamentin) açılışındakı çıxışı zamanı deyib ki, İsrailin hərəkətləri regionun digər ölkələrinə də yayıla və nəticədə Türkiyəyə də çata bilər: “Livandan sonra gözünü dikdiyi növbəti yer, sizə açıq deyirəm, bizim vətənimiz olacaq... Netanyahunun arzularına Anadolu da daxildir”.

Ərdoğan bildirib ki, nəyin bahasına olursa-olsun, Türkiyə İsrailə qarşı durmağa və dünyanı bu nəcib mövqeyə dəvət etməyə davam edəcək: “Türkiyə insanlıq cəbhəsi yaratmaq üçün əlindən gələni edəcək”.

Prezident Türkiyənin tərəfdarı olanların da gərginlik fonunda neytral qalmasını tənqid edib: “Biz bütün bölgəni alova qərq etmək niyyətində olan işğal şəbəkəsi ilə qarşı-qarşıyayıq. Belə bir kütləvi qətl şəbəkəsi qarşısında zərrə qədər vicdanı olan heç kim səssiz qala bilməz”.

Xatırladaq ki, iyun ayında Ərdoğan İsraili Livana "müharibə yaymaq” planında ittiham edib. Bir neçə ay sonra İsrail Livanda “Hizbullah” yaraqlılarına qarşı quru əməliyyatına başlayıb.

İran oktyabrın 1-də İsrailə raket hücumu həyata keçirib - İsrail hərbçiləri 180-ə yaxın raketin atıldığını, onların əksəriyyətinin ələ vurulduğunu açıqlayıblar. İsrailin Baş naziri Benyamin Netanyahu hücumu "böyük səhv" adlandırıb və İranın bunun əvəzini ödəyəcəyinə söz verib.

Ərdoğanın İsrailin niyyəti ilə bağlı bəyanatını AYNA-ya müsahibəsində şərh edən siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Türkiyə liderinin açıqlaması daha çox daxili auditoriyaya yönəlib:

- Hər zaman olduğu kimi, Ərdoğan gedişlər edir. Belə bir söz var: xarici siyasət daxili siyasətin davamıdır. Türkiyədə isə bu, fərqlidir. Bəli, xarici siyasət daxili siyasətin davamıdır, amma eyni zamanda, daxili siyasət də xarici siyasətin davamıdır. Yəni Türkiyədə bu, bir-birinə qarışıb. Bu gün İsraildən Türkiyəyə qarşı təhlükə olduğunu söyləmək məncə, qeyri-ciddi yanaşmadır. Məlumdur ki, iki ölkə arasında siyasi-diplomatik səviyyədə gərginliklər var. Amma bu, ilk deyil, hər zaman gərginlik müşahidə edilib. Ərdoğan hakimiyyətindən əvvəl də iki ölkə münasibətləri hamar olmayıb. Niyəsə belə təsəvvür var ki, Ərdoğan hakimiyyətə gəldikdən sonra israil-Türkiyə münasibətləri gərginləşdi, amma bu yanaşma doğru deyil. Hətta Türkiyədə 1980-ci illərdə, hərbi xunta dövründə də İsrailin Fələstinə qarşı addımlarına cavab kimi, Türkiyə səfirini geri çağırmışdı. Yəni dəfələrlə iki ölkə münasibətlərində gərginliklər olub: Türkiyə səfirini geri çağırıb, diplomatik əlaqələr aşağı səviyyəyə enib. Bu gün də həmin gərginlik yaşanır. Amma bu gərginliyi əsas götürərək iki ölkə arasında müharibə olacağını, İsrailin Türkiyəyə hücum edəcəyini demək əsassız iddiadır.

- Siz nəyə əsasən bu iddianın əsassız olduğunu deyirsiniz?

- Çünki bu iddia heç nəyə əsaslanmır, məntiqə söykənmir. İsrail Türkiyəyə haradan hücum edəcək? Məlumdur ki, iki ölkə arasında quru sərhədi yoxdur. İsrail Türkiyəyə hücum etmək üçün gərək Suriyadan keçsin. Ümumiyyətlə, İsrailin Türkiyəyə hücum edə biləcəyini təsəvvürə gətirmək mümkün deyil. Təxminən 10 milyon əhalisi olan İsrailin 86 milyonluq Türkiyəyə hücum edəcəyinə kim inanar?! Yaxşı, kimsə deyə bilər ki, İsrail əsgərləri Türkiyəyə hücum etməyəcək, amma raket zərbələri endirə bilər. O zaman sual yaranır: niyə? Axı, iki ölkənin münasibətləri bir-birinə qarşı hərbi güc tətbiq etmək səviyyəsində gərgin deyil.

Digər tərəfdən, Türkiyə NATO üzvüdür və Alyansın əsas dövlətlərindən biridir. İsrail NATO-nun əsas dövlətlərindən birinə necə hücum edə bilər? Bu, mümkün deyil. Kimsə iddia edə bilər ki, ABŞ İsrailin arxasında dayanıb, İsrail Türkiyəyə hücum etsə də, Vaşinqton Ankaranı müdafiə etməz. Demirəm ki, ABŞ Türkiyəni sevir və onu müdafiə edəcək. Sadəcə İsrailin bir NATO dövlətinə hücum etməsi və bunun cavabsız qalması Alyansın tamamilə bitməsi anlamına gəlir. Bu isə Amerikanın maraqlarına ziddir. Bu arqumentlərdən çıxış edərək deyirəm ki, İsrailin Türkiyəyə hücum edəcəyi iddiası tamamilə əsassız və populist fikirdir.

- Dediniz ki, Ərdoğanın bəyanatı daxili auditoriyaya yönəlib. Amma Türkiyə cəmiyyəti İsrailə qarşı loyal deyil və radikal fikirlər səsləndirilir...

- Türkiyə cəmiyyətinin İsrailə qarşı radikal mövqeyi aydındır və yeni deyil. Türkiyədə hər zaman İsrailə qarşı mövqe sərt olub. Həm də təkcə islamçılar tərəfindən deyil. İsrailə qarşı ən radikal mövqe əslində solçulardadır. Solçu kəsim İsrailə qarşı islamçılardan daha radikal mövqe sərgiləyir. Solçular deyəndə mən Cümhuriyyət Xalq Partiyasını (CHP) nəzərdə tutmuram, sosialistləri nəzərdə tuturam. Hətta 1970-80-ci illərdə bir qrup Türkiyə solçusu gedib Fələstində İsrailə qarşı döyüşüb.

Ərdoğanın daxili ictimaiyyətə yönələn bu bəyanatında məqsədə gəlincə, məlumdur ki, Türkiyədə iqtisadi böhran davam edir, vəziyyət ürəkaçan deyil. Hökumət son vaxtlar maliyyə stabilliyinə qismən nail olsa da, ümumən iqtisadi vəziyyət ağırdır, əhali yoxsullaşır. Bu səbəbdən də Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) reytinqi düşür. Sonuncu bələdiyyə seçkisi göstərdi ki, artıq AKP Türkiyənin birinci partiyası deyil. Faktiki olaraq, CHP birinci partiyadır, AKP ikinci sıraya düşüb. Ölkənin problemləri də qısa müddətdə həll olunası deyil. Ona görə də Ərdoğan sınanmış üsuldan istifadə edir.

- Yəni ki, xarici düşmən və ya xarici düşmən obrazı lazımdır?

- Tamamilə, doğrudur. Ərdoğan xalqa təlqin edir ki, Türkiyəyə qarşı xaricdən təzyiqlər var, İsrailin növbəti hədəfi Türkiyə olacaq. Guya ki, İsrail gözünü Anadoluya dikib. Cəmiyyətə təlqin etməyə çalışırlar ki, İsrail hücum edə bilər, ABŞ da İsrailin arxasında dayanacaq. Belə vəziyyətdə isə dünyanın harasında olur-olsun, xalq hakimiyyətə qarşı çıxmır. Ölkəyə ciddi xarici təhdid varsa, ciddi problemlə üz-üzədirsə, o zaman xalq adətən mövcud hökumətin ətrafında birləşir. Çünki ekstremal vəziyyətdə heç kim hakimiyyət dəyişikliyi, yeni seçki haqqında düşünmür. Ərdoğan hökumətinin Türkiyə cəmiyyətinə qorxuları aşılamaqda da məqsədi budur ki, xalq hakimiyyət dəyişikliyi, yeni seçki haqqında düşünməsin, AKP-nin ətrafında birləşsin.

Lap tutaq ki, həqiqətən də İsrailin Türkiyəyə hücum təhlükəsi realdır, o zaman sual olunur: bəs AKP demir ki, Ərdoğanın hakimiyyətdə olduğu müddətdə ölkə güclənib, supergücə çevrilib, dünyada Ərdoğansız, Türkiyəsiz heç bir məsələ həll olunmur? Yaxşı, belədirsə, cırtdan bir ölkə olan İsrail Türkiyəyə necə təhlükə törədir? Axı bu, AKP-nin təbliğatı ilə ziddiyyət təşkil edir.

- Türkiyə-İsrail gərginliyində Azərbaycanın mövqeyini necə qiymətləndirmək olar?

- Bu iki ölkə arasındakı gərginlik Fələstin problemindən qaynaqlanır. Azərbaycanın isə Fələstin məsələsi ilə bağlı mövqeyi aydındır. Belə gərginliklər zamanı Azərbaycan adətən susqunluq nümayiş etdirir, kənar müşahidəçi olur. Amma Azərbaycanın rəsmi mövqeyi hər kəsə məlumdur. Rəsmi Bakı Fələstin probleminin iki dövlət prinsipi ilə və sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda, Azərbaycan hər iki tərəflə - həm İsraillə, həm də Fələstinlə münasibətlərin inkişafına çalışır. Azərbaycan-İsrail münasibətlərinin bugünkü vəziyyəti məlumdur, çox yaxın strateji münasibətlər mövcuddur. Həmçinin Azərbaycan çalışır ki, ərəb dünyası ilə də münasibətlərini isti saxlasın. Məncə, bu istiqamətdə rəsmi Bakının uğurlu siyasət apardığını qeyd etmək olar.

Bəli, bu siyasət Türkiyə ictimaiyyətində son dövrlər tənqid edilir. Yenə deyirəm, Türkiyədə İsrailə qarşı sərt ritorika var və bu kontekstdə Azərbaycan-İsrail münasibətləri Türkiyədə bir çox çevrələrin xoşuna gəlmir, qıcıq yaradır. Amma bunun rəsmi Bakı-Ankara dostluğuna, qardaşlığına və müttəfiqliyinə ciddi zərbə vuracağını demək olmaz. Çünki qardaş ölkələrin müttəfiqliyinin kökləri dərindir.

Geri qayıt