Əsas Səhifə > Güney Press > "Nişanlım 50 min dolları hissə-hissə göndərib"

"Nişanlım 50 min dolları hissə-hissə göndərib"


Bu gün, 13:30
"Nişanlım 50 min dolları hissə-hissə göndərib"
Xüsusi külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan 6 nəfərdən ibarət dəstə üzvlərinin məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər- Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun vəkilləri yekdilliklə hakimə etiraz edərək vəsatətlər təqdim ediblər.

İlk olaraq Fərhad Qasımovun vəkili Vüqar Əliyev çıxış edərək bildirdi ki, verəcəkləri əsaslı vəsatətlərin qəbul olunacağına inam demək olar sıfıra bərabərdir: "Bu işin obyektiv aparılması ilə bağlı məhkəmə sədrinin adına etiraz ünvanlamışıq".

Vəkil Kamandar Nəsibovun fikrinə görə isə, hakimlər məhkəmədə hüquqi terminlərdən istifadə etmirlər: "Yəni etirazımız əsaslıdır. Vəsatətləri qəbul etmirsiz. Sizin işə obyektiv baxacağınıza inanmırıq".

Digər vəkildə eyni məzmunda çıxış etdi: "Mən hüquqlarını müdafiə etdiyim şəxslə bağlı 3 vəsatətdən 2-si təmin olunmayıb, yeganə hüquqlarını müdafiə etdiyim şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ekspertizanın təyin olunması üçün verdiyim vəsatət qəbul olunub. Bu ona əsas vermir ki, mən həmkarlarımın qaldırdığı etiraza əks çıxım".

Dövlət ittihamçısı Elgin Qafarov hakimlərə etiraz üçün heç bir əsasın olmadığını qeyd etdi. Hakimlər müşavirədən qayıtdıqdan sonra hakim Anar Sadıqov onlara qarşı etirazın qəbul olunmaması ilə bağlı qərarı elan etdi.

Vəkil Sadiq Rəsulov hüquqlarını müdafiə etdiyi Bahadır Ağayevin ürəyinin məhz Emin Kərimli adlı həkim tərəfindən müayinə olunmasını istədi və fikrini belə izah etdi ki, Bahadır Ağayev ürəyindəki stimulyator aparatını məhz Emin Kərimlinin söndürməsini istəyir. Həmçinin həmin görüşün onun iştirakı ilə keçirilməsini təklif etdi.
Hakim Anar Sadıqov isə vəsatətin zərurət olmadığından qəbul olunmaması ilə bağlı qərar qəbul etdi və məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdi.

Şahid Rauf Qəribov maddi vəziyyətinin çətin olması ilə əlaqədar qardaşı tərəfindən göndərilən vəsaitləri aldığını etiraf etdi: "Mən özüm biblioqrafiya üzrə mütəxəssisəm. Qardaşım Qəribov Vahid Eldar oğlu Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Təxminən 2022-ci ildən 1il 6 ay ərzində 3-4 dəfə olmaqla 4000 dollar civarında pul göndərib. Hər dəfə də pulumu tam götürürdüm. Toy etdim, evdə sıxıntı var idi. Pulları ona görə göndərib. Mənə zəng gəlmişdi, getdim İst Petrol tərəfdə, Çıraq Plazanın yanında yerləşən ofisə. Ofisin həyətinə girəndə 2 avtomobil gördüm, yuxarıda kamera, kassa var idi. Mən qol çəkib pulumu götürmüşəm. Bu şəxsləri adla tanımıram, bircə Cavid Əzizov yadımda qalıb. Bahadır Qasımovu isə ümumiyyətlə tanımıram. Qardaşıma gəldikdə isə ona hər hansı ittiham verilməyib. Mənə pulu götürməyimlə bağlı gələn nömrəni xatırlamıram".
Məhkəmənin gedişində vəkillər şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istədilər. Hakim Rauf Qəribovun istintaqda verdiyi ifadəsini elan etdi.

Sonra digər şahid Nailə Səlimova ifadə verdi: "Mənə İstanbul şəhərindən Fuad adlı nişanlım pul göndərirdi. Atam xərçəng xəstəsi idi, həmçinin evimizi təmir edirdik, ona görə nişanlım bizə kömək edirdi. Hər dəfə 10 min dollar göndərirdi, ümumilikdə 40 min dollar pul almışam. Pulu götürdüyüm yer yadımda deyil, pulu götürəndə təkcə şəxsiyyət vəsiqəmi göstərirdim. Mən burda oturanlardan heç kimi tanımıram. Amma ibtidai istintaqda mənə 2 şəkil göstərdilər, onları tanıdım.
Nişanlım Fuad Türkiyə vətəndaşıdır, onu istintaqa ifadə verməyə çağırmayıblar".
Şahidin sərbəst ifadəsindən sonra Nailə xanımın istintaqda verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Nailə xanıma nişanlısı 40 min yox, ona 50 min dollar pul göndərib.

Hakim şahiddən təqsirləndirilən şəxs Cavid Əzizovu tanıyıb-tanımadığını soruşdu. Nailə Səlimova Cavidi pul verilən yerdə gördüyünü etiraf etdi.

Növbəti şahid Qasımov Rövşən Bahadır oğlu istintaqda verdiyi ifadəsində müəyyən dəyişikliklər olduğunu hakimlərə bildirdi. Belə ki, o, ifadəsinin təhrif olunduğunu, yəni "yadımda deyil, bilmirəm" kimi verdiyi cavabların əvəzinə onun əleyhinə olan sözlərin yazıldığını vurğuladı və ifadəsini davam etdirdi: "Atam 30 il Rusiyada yaşayıb. Bu hadisə vaxtı atam Azərbaycanda idi. Onun həbsi haylı-küylü oldu. Mən Dubayda yaşayıram, ticarətlə məşğul olmuşam.
Mənim atamın Bakıda qanunsuz pul köçürməsi ilə məşğul olması barədə məlumatım olmayıb".

Bahadır Qasımov istintaq vaxtı oğluna qarşı təzyiqin olunması ilə bağlı bunları dedi: "Oğluma deyiblər danışmasan ananı da aparıb soxacağıq içəri".

Sonra Rövşən Qasımovun ibtidai istintaqda verdiyi ifadəsi elan olundu. Şahid yazılan ifadə ilə razı olmadığını bildirdi.
Bahadır Qasımovun vəkili Rövşən Qasımovun ifadəsinin tam təzyiqlə alındığını söylədi və ifadənin sübutlar siyahısından çıxarılmasını istədi.
Digər vəkil Vüqar müəllimdə müstəntiq tərəfindən şahidə hüquqlarının izah olunmadığını bildirdi: "Belə ki, hər bir şəxs yaxın qohumuna qarşı ifadə verməyə bilər. Bu normativlər Cinayət Prosessual Məcəllədə də göstərilib".

Dövlət ittihamçısı bu məsələyə hazırlıq iclasında baxıldığı üçün vəsatətin qəbul olunmamasını istədi.
Hakim isə sənədlərin tədqiqi vaxtı bu vəsatətə qiymət veriləcəyini söylədi.

Məhkəmə prosesi 18 oktyabr tarixinə kimi təxirə salındı.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Geri qayıt