Əsas Səhifə > Güney Press > "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir"

"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir"


Bu gün, 13:03
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir"
Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin qiyməti 70 dollardan götürüləcək. Maliyyə Nazirliyinin sənədinə görə, 2025-ci ildə neftin bir barelinin orta illik ixrac qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə beş dollar azdır. Belə ki, builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan götürülüb.
Gələn il neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiymətinin 70 dollar səviyyəsində götürülməsi risklidir: "Gələn ilki büdcədə neftin orta illik qiyməti 60 dollar olsa, daha komfortlu ssenari olar. Gələn il dövlət büdcəsində neftin orta illik ixrac qiyməti 60 dollar olsa, gəlirlərimiz biraz az olacaq. Amma ondan sonra xərclərimizi dəyişməliyik, yoxsa borclanmanı artırmalıyıq? Bu, ayrı bir mövzudur. Yəni neftin 70 dollarlıq ixrac qiyməti əsasında gəlirlərimiz hesablanıb".

Ekspert bildirib ki, gələn ilki dövlət büdcəsinin göstəriciləri 2024-cü ilin dövlət büdcəsinin göstəricilərindən çox da fərqlənmir: "Əsas dəyişiklik cari xərclərin təxminən 2 milyard manata qədər artırılmasıdır. Burada artım əsasən minimum əməkhaqqının və pensiyanın maliyyələşdirilməsi üçündür. Ona görə də artan cari xərclərin maliyyələşdirilməsi vacibdir. Çünki inflyasiya əhaliyə mənfi təsir göstərir, biznesə də problemlər yaradır. 2025-ci ilin dövlət büdcəsində neftin bir barelinin orta illik ixrac qiymətinin 60 dollar götürülməsi, büdcə göstəricilərinə daha ehtiyatlı yanaşma məqsədəuyğun olardı".
O qeyd edib ki, hazırda neft bazarında kəskin qiymət dəyişikliyi baş verir: "Gələn il də neft qiymətlərində dalğalanmalar gözləniləndir. Hətta neft qiymətləri daha çox bahalaşa bilər. Çünki neft qiymətləri Yaxın Şərqdə baş verən proseslərdən çox asılıdır. Əgər Yaxın Şərqdə ciddi münaqişələr olmasa, gələn il neft qiymətlərinin bu ildəki qiymətlərdən daha aşağı olacağı proqnozlaşdırılır. Görünən odur ki, neft bazarı ciddi siyasi, hərbi hadisələrə reaksiya verir".
"Neftin büdcə qiymətinin 70 dollar olması kifayət qədər risklidir, dövlət büdcəsinin proqnozlaşdırılmasında neftin büdcə qiyməti 60 dollar götürülsə, bu, daha ehtiyatlı yanaşma olacaq" - ekspert əlavə edib.
Ekspert: "Büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı"
İqtisadçı-ekspert Eldəniz Əmirov da sosial şəbəkə hesabında bildirib ki, gələn ilin dövlət büdcəsində neftin qiymətinin 70 dollardan götürülməsi riskli yanaşmadır: "2025-ci ildə dövlət büdcəsinin gəlirləri bu ilə müqayisədə 0,6% artaraq 36,6 milyard manat, xərcləri isə 0,2 faiz azalaraq 39,6 milyard manat proqnozlaşdırılır. Büdcə kəsiri isə 3 milyard manatdan çox proqnozlaşdırılır. Burada əsas risk neftin ixrac qiymətinin 70 dollardan götürülməsidir. Aydın məsələdir ki, büdcədə neft qiymətinin aşağı götürülməsi gəlirlər üzrə proqnozları kəskin azaldacaq və bu da büdcə kəsirinin artmasına səbəb olacaq. Kəsirin qapadılması isə borclanmanı artıracaq. Buna görə də neft qiyməti 70 dollar olaraq götürülüb".

"Bəs, qlobal və geosiyasi proseslər arzuolunmaz gedərsə, neft qiymətinin uzunmüddətli aşağı olması halında ödəliklər necə təmin ediləcək? Borclanmanın artırılması, transfer və digər vəsitələrlə xərclər qarşılana bilsə də sonrakı proseslərdə əlavə "qayğılar" yaranacaq. Buna görə də ilkin təsdiqlənəcək büdcədə neftin qiymətinin 65 dollardan yuxarı götürülməsi doğru olmazdı", - ekspert qeyd edib.
O bildirib ki, ilin əvvəlində ümumi xərc göstəricisinin aşağı olması sevindirici olmasa da, amma qorxulu da deyil: "Onsuz da, hər ilin ortalarında büdcəyə yenidən baxılır. O zaman xərclərə yenidən baxaraq əlavələr etmək və illik hədəflərə nail olmaq da mümkündür. Yetər ki, hazırkı məqamda risklər doğru sığortalansın".
Gələn ilin büdcəsinin gəlir və xərcləri
Qeyd edək ki, Maliyyə Nazirliyinin sənədinə əsasən, 2025-ci ildə xam neftin bir barelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülməklə gələ ilin dövlət büdcəsinin gəlirləri 36,6 milyard manat nəzərdə tutulur. Bunun da 46,6 faizi neft-qaz sektorunun, 53,4 faizi qeyri-neft-qaz sektorunun payına düşür.
39,6 milyard manat məbləğində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 63 faizi cari xərclərə, 31 faizi əsaslı xərclərə, 6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılıb.
Xatırladaq ki, 2024-cü ildə büdcədə neftin qiyməti əvvəlcə 60 dollar götürülsə də, sonradan büdcəyə edilən dəyişikliklər çərçivəsində bu qiymət 75 dollara qaldırılıb.

Geri qayıt