Əsas Səhifə > Güney Press > “Kəpəz”in ən böyük problemi nədir?

“Kəpəz”in ən böyük problemi nədir?


Bu gün, 12:04
“Kəpəz”in ən böyük problemi nədir?
Bu mövsüm Azərbaycan Premyer Liqasında gözləntiləri doğrultmayan komandalardan biri də “Kəpəz”dir.

Gəncə təmsilçisi bu mövsüm liqada meydana çıxdığı 8 matçın hamısında məğlub olub. Komanda 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Tarixi ərzində 3 dəfə Premyer Liqa çempionu, 4 dəfə Azərbaycan Kubokunun qalibi olan klubun belə uğursuz çıxışı azarkeşlərini məyus edir. Halbuki “Kəpəz” ölkənin ən böyük azarkeş kütləsinə sahib klublarından biridir.

Bəs belə köklü klubun mövsümə bu qədər pis başlaması nə ilə bağlıdır? Hazırda “Kəpəz”in ən böyük problemi nədir?

Bu barədə “CBC Sport” telekanalının şərhçisi Pərviz Musayev “Cebheinfo.az”-a açıqlama verib.

Onun sözlərinə görə, “Kəpəz”də başlıca problem psixoloji məsələlərdir:

“Çünki Premyer Liqamızdakı bütün komandalar “Kəpəz”dən daha yüksək səviyyədə deyil. Liqadakı bütün komandalar səviyyəcə bir-birinə yaxındır. Ona görə də komandanın bütün oyunlarda məğlub olmasının səbəbinin psixoloji vəziyyətlə əlaqəli olduğunu düşünürəm. Təbii ki, komandanın içində olmadan daha dəqiq nə isə demək çətindir. Lakin müəyyən problemləri kənardan müşahidə etmək olur”.

Onun fikrincə, “Kəpəz”də baş məşqçi problemi yoxdur:

“Keçən il Adil Şükürov komandanı liqada saxlaya bildi. O, çətin oyunlara rəğmən komandada dönüş yaratdı. Bu mövsüm komandanı çalışdıran Azər Bağırov da kifayət qədər bacarıqlı məşqçidir.

Ümumiyyətlə, onların hər ikisi çox bacarıqlıdırlar. Lakin görünən odur ki, uğursuz gedişatda dönüş yarada bilmədilər. Hazırda komanda istədiyi oyunu sərgiləyə bilmir. Bu isə ki, yəqin psixoloji məqamlarla bağlıdır. Ümid edirəm ki, tezliklə bu problemləri arxada qoyarlar və qələbələrdən danışmağa başlayırıq. Çünki “Kəpəz”in belə bir vəziyyətdə görmək çox məyusedicidir”.

Geri qayıt