Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi ya açılmalıdır, ya da...

Zəngəzur dəhlizi ya açılmalıdır, ya da...


Bu gün, 14:00
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da...
Ermənistan öz ərazisində insanlar və yüklərin təhlükəsiz daşınmasını təmin etməyə hazırdır. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir vurğulayıb ki, Ermənistanın hansısa sənəddə (10 noyabr bəyanatı – red.) üçüncü dövlətlərin öz ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməli olması ilə razılaşdığına dair iddialar reallığın təhrifidir: “Eyni şey Ermənistanın regional kommunikasiyalarla bağlı öz suverenliyinin müəyyən qədər məhdudlaşdırılması ilə nə vaxtsa razılaşdığına dair bəzi şərhlərə də aiddir”. Paşinyan iddia edir ki, belə bir şey olmayıb və bu, həm də reallığın aşkar təhrifidir. Onun sözlərinə görə, Ermənistanın öhdəliyi birmənalı olaraq öz ərazisində yüklər və nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verir. Qeyd edək ki, 10 noyabr üçtərəfli bəyanatına görə, Zəngəzurda açılacaq nəqliyyat dəhlizinə Rusiya sərhədçiləri nəzarət eləməlidir. Həmin bənd həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunmasını ehtiva edir. Sənəd 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanıb.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az”a açıqlamasında deyib ki, Nikol Paşinyanın Rusiyanı tamamilə ərazisindən çıxarmaq cəhdi təqdirlayiq olsa da, bu, hələlik mümkün görünmür. Ekspertin sözlərinə görə, Azərbaycan üçün daha məqsədəuyğun olardı ki, Zəngəzur dəhlizinin təhlükəsizliyi və həmin ərazilərdə birgə fəaliyyəti Ermənistan və Azərbaycan birgə həyata keçirtsin:

"Üçüncü tərəfin regionda mövcudluğu gələcəkdə münaqişənin alovlanmasına səbəb ola bilər. Ermənistan hazırda Rusiyanı ölkədən çıxarmaq adı ilə zaman qazanmağa çalışır. Bu istiqamətdə Rusiyanın ciddi hansısa addım atacağını gözləmirəm. Moskvanın hələlik passiv mövqe sərgiləyəcəyini sanıram. Bizim isə artıq vaxtımız yoxdur. Zəngəzur dəhlizi ya açılmalıdır, ya da Azərbaycan bu layihədən müvəqqəti olaraq imtina edərək İranla bağlanmış sazişə görə dəmir yolunun cənub qonşumuzun ərazisindən keçməsini sürətləndirməlidir. İrandan keçən dəmir yolu bizim üçün heç də Zəngəzurdan az əhəmiyyətli deyil".

Geri qayıt