Əsas Səhifə > Güney Press > Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR...

Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR...


Bu gün, 17:59
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR...
Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı bildirib ki, Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirmiş və zəhərləmiş, meşələrimizi məhv etmiş, şəhər və kəndlərimizi dağıtmış, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışdır. Eyni zamanda xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilmişdir. Azərbaycan Prezidenti qeyd edib ki, 30 ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, cənab Prezidentin səsləndirdiyi fikirlər təsadüfi deyil. Həqiqətən də Azərbaycan sözügedən problemdən əziyyət çəkir:

“Birinci Qarabağ müharibəsində azərbaycanlılar, xüsusilə də mülki şəxslər Ermənistanın işğalçı gücləri tərəfindən qətlə yetirilib və kütləvi məzarlıqlarda basdırılıblar. Dəfn olduqlarını deyə bilmirik, çünki onlar buldozerlərlə böyük xəndəklər qazaraq insanları toplu şəkildə basdırıblar və torpaq üzərinə heç bir işarət qoymayıblar. Amma bəllidir ki, özlərində müəyyən qeydlər aparıblar. Yəni ermənilərin əlində itkin şəxslərin harada basdırılması ilə bağlı məlumatlar var. Azərbaycan da xoş məram nümayişi olaraq Ermənistan tərəfinin həmin məlumatları verməsini istəyir. Amma təəssüflər olsun ki, Ermənistan bunu etmir. Çünki həmin məlumatlar Azərbaycana veriləcəyi təqdirdə axtarışlar aparılacaq və həmin toplu məzarlıqlar ortaya çıxacaq. Eyni zamanda məzarlarda olan şəxslərin qalıqları üzərində DNK analizi aparılacaq və kimlikləri müəyyənləşəcək. Bununla da Ermənistanın qeyri-insani davranış sərgilədiyi ilə bağlı əlimizdə tutarlı məlumatlar olacaq. Ermənistan isə bundan çəkindiyinə görə mərazlıqların yerini Azərbaycana verməkdən yayınır. Amma Ermənistan unutmamalıdır ki, Azərbaycan öz gücü hesabına Qarabağı aldığı kimi həmin məlumatları da ermənilərdən alacaq. Ona görə də yaxşı olar ki, Ermənistan daşı ətəyindən töksün və İlham Əliyevin çağırışlarına cavab versin. Ümumilikdə götürdükdə onsuz da Ermənistan törətdiyi cinayətlərə görə Azərbaycana cavab verəcək”.

Geri qayıt