Əsas Səhifə > Güney Press > “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir”

“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir”


Bu gün, 13:32
 “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir”
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı, dini kəbin anlayışı da var.

Son illər rəsmi nikahla yanaşı, kəbin kəsdirənlərin də sayı artıb. Gənc nəslin dini nikaha üstünlük verməsi isə mollaların gəlir mənbəyini artırıb.

Belə ki, məscidlərin axundları və ya bu mərasimi yerinə yetirən digər mollalar halallıq üçün verilən az miqdarda pulla qane olmurlar. Kəbin kağızını yazdıqdan sonra 10-20 manatla razılaşmayanlar yenicə evlənənlərdən bəzən 200-500 manat civarında pul istəyirlər. Halbuki, dövlətin rəsmi nikah üçün müəyyənləşdirdiyi rüsum 5 manatdır.

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, nikahın dinlisi- dinsizi yoxdur:

"Nikah elə nikahdır. Sadəcə üsullar fərqlidir. Sovet dövrünə qədər dini adlandırılan nikahlar elə dünyəvi nikahı əvəzi edirdi.

Nikah evlənmənin istənilən halda rəsmiləşdirilməsidir. Dini və dünyəvi kəbin anlayışını maddi qazanc üçün istismarçı ruhani təbəqəsi formalaşdırıb. İslam dininə görə evlənən şəxlərin şərtləri qaydasındadırsa, bu evlənmə elan edilir, xeyir-dua verilir, vəssalam. Burada xüsusi ayin, xüsusi dua yoxdur”.

İlahiyyatçı bildirib ki, təkcə nikah icra etməyə görə yox, ümumiyyətlə, dini ayinləri icra etməyə görə pul almaq haramdır:

“Cənazə namazı qılıb, kəbin kəsib pul almaq dini alverə çevirməkdir".

İlahiyyatçı qeyd edib ki, belə işlər müsəlmanın borcudur:

"Bildirim ki, ölkəmizdə icra olunan rəsmi dövlət kəbini dini kəbin adlanan nikahı tam əvəz edir. Əslində dövlətin icra etdiyi kəbin daha sağlam, daha əsaslı, daha qanunidir. Din də bunu istəyir. Din adamının evlənən şəxsin vəziyyətini araşdırmaq səlahiyyəti yoxdur, yalnız özlərinin dediyinə inanıb kəbin kəsir.

Bir də görürsən ki, kiminsə nikahını yalnış icra edir. Amma dövlət kəbini olduqdan sonra adətlərə tabe olan şəxslər dini kəbin hesab etdikləri nikahı da etdirə bilərlər. Amma qarşılığında pul almaq dələduzluq, pul vermək də rüşvətdir.

Çünki bu gün din xadimlərinə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən yardım olaraq aylıq məvacib verilir. Rəsmi din xadimi kəbini pulla kəsirsə, bu, dini baxımdan rüşvətdir. Peyğəmbər də buyurur ki, rüşvət alan da, verən də, vasitəçi olan da lənətlikdir və cəhənnəm əhlidir. Nə Peyğəmbər, nə səhabələr, nə də İmamlar kiminsə kəbinini icra edərkən, cənazə namazı qılarkən pul alıb.

Əksinə, bunu yasaqlayıblar. Çünki din və dini ayinlər qazanc mənbəyi, peşə deyil".

Geri qayıt