Əsas Səhifə > Güney Press > Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır

Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır


Bu gün, 13:18
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Ordubad şəhərində yerləşən qədim Cümə məscidində bərpa işləri davam etdiriləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı hazırlıqlara başlanılıb.

Bərpa işlərini “Kıt Construction” şirkəti həyata keçirəcək. Artıq şirkətlə razılıq əldə olunub və müqavilə bağlanılıb. Yaxın günlərdə bərpa işlərinə başlanılması nəzərdə tutulub.

Razılaşmaya əsasən, bərpa işləri zamanı abidənin memarlıq quruluşu saxlanılacaq. 890 kvadratmetr sahəyə malik olan məsciddə axund otağı, qadın-kişi ibadət zalları və digər otaqlar bərpa olunacaq və burada ibadət üçün lazımi şərait yaradılacaq.

Məscidin bərpası zamanı, əsasən, milli memarlıq elementlərindən istifadə ediləcək.

Xatırladaq ki, sözügedən məscid orta əsrlərə aid tarixi abidədir. Qədim Cümə məscidinin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşıyır. Məscid Ordubad şəhərinin ən hündür yerində yerləşir.

Məsciddə bərpa işlərinə 2020-ci ildə başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbov həmin vaxt layihə ilə tanış olub. Amma sonradan bərpa işləri yekunlaşdırılmadan yarımçıq saxlanılıb.

Qeyd edək ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.

Geri qayıt