Əsas Səhifə > Güney Press > “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ

“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ


Bu gün, 16:59
 “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ
Sosial səbəkələrdə tez-tez din xadimlərinə müxtəlif məzmunlu suallar verilir.

Verilən suallar və din xadimlərinin cavabları cəmiyyət arasında geniş müzakirələrə səbəb olur. Belə ki, gündəmdən heç düşməyən "qaş aldırmaq günahdır", "qadına çanta gəzdirmək haramdır", “votsapda görünmə vaxtını dondurmaq haramdır” və s. tipli fikirlər xüsusilə “TikTok”- da çox müzakirə edilir.

Maraqlıdır ki, din xadimlərinin bu məzmunlu müzakirələri nə qədər effektivdir?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ölkədə nağıllar, radikal söhbətlər, xurafat, cəhalət yayan din xadimləri var:

“Həmin şəxslərə xarici dövlətlərdə din yox, siyasi İslam öyrədilib. Məqsəd dini, mənəvi dəyərləri yaymaq deyil, məqsəd kütlə toplamaqdır. O şəxslərin dayaz, bayağı, cahilanə söhbətləri onların savadsız olduğunu göstərir. Həm də elə cəmiyyətin dini savadsızlığını sübut edir. Dini təhqir edərək sanki dinin yalnız xırda və bəsit mövzulardan ibarət olduğu görüntüsü yaradırlar.

Yerli təhsil almış, savadlı, vətənpərvər, istedadlı ilahiyyatçıların diplomu isə yararsız sayılır".

İlahiyyatçı qeyd edib ki, əksər məscidlərə xaricdə təhsil alanlar fəaliyyət göstərir:

"Bizlər isə yalnız sosial mediada məhdud çıxışlarla sözümüzü deyə bilirik. Təbii ki, qeyd olunan cəfəng söhbətlərin dinlə əlaqəsi yoxdur. Onu danışan adamlara şərait yaradanlar, dinin xurafat və cəhalət rəmzi kimi olmasını görmək istəyənlər var.

Çünki nağıllar aləmində nəzir yığmaq daha rahatdır. Savadlı ilahiyyatçılara imkan verilmir, şərait yaradılmır, bir yerə toplayıb onların potensialından dövlət, xalq naminə istifadə olunmur.

Bütün cəfəng, cahilanə, xurafi söhbətləri, mövzuları sosial şəbəkələrdə yayanlar hamısı xaricdə dövlətimiz əleyhinə yetişdirilən saxta din xadimləri və saxta ilahiyyatçılardır.

Onlara dindar maskası geydirib, hazırlayıb, yetişdirib göndəriblər ki, müəyyən dövr üçün fəaliyyət göstərsinlər. Bizdə isə təəssüf ki, hələ də bu sahədə boşluqlar davam edir”.

Geri qayıt