Əsas Səhifə > Güney Press > İranda həbsdə olan Fəridin anası danışdı:

İranda həbsdə olan Fəridin anası danışdı:


Bu gün, 14:02
İranda həbsdə olan Fəridin anası danışdı:
"Fəridlə danışırıq, ünsiyyət saxlayırıq. Sağlığı ilə bağlı hansısa narahatlığı yoxdur, amma gərgindir".

Bunu "Cebheinfo.az"-a açıqlamasında İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı müsbət dəyişiklik yoxdur:

"Çünki çox darıxır. Günahsız yerə tutulması ilə barışa bilmir. Həmişəki problemlər olduğu kimi qalır, hər hansı bir müsbət irəliləyiş yoxdur. Hələ də həbsxanada saxlanılır, eyni proses davam edir".

Xatırladaq ki, rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfər edib. Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb.

Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb.

Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etməyib. Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Geri qayıt